İyun seçkiləri Ermənistanın daxili siyasətini necə dəyişəcək? – ŞƏRH
Ermənistanda iyunun 7-də keçirilməsi nəzərdə tutulan parlament seçkiləri təkcə qonşu ölkənin deyil, Azərbaycanın da yaxından izlədiyi əsas geosiyasi gündəm mövzularından biridir.
Siyasi şərhçi Elşad Paşasoy Yenicag.az-a açıqlamasında seçkiqabağı mənzərəni, rəqabətin pərdəarxası məqamlarını və Ermənistan rəhbərliyinin siyasi müxalifətlə bağlı gələcək gözləntilərini şərh edib:

“Seçkilərə bir neçə gün qalmış Ermənistanda müşahidə olunan sərt mübarizə gözləniləndir. Paşinyanın əleyhinə səfərbər olan revanşistlərin arxasında güclü dayaqlar var və onlar israrla çalışırlar ki, Paşinyanın devrilməsi reallaşsın. Bu mənada Köçəryan, Sarkisyan, Sarukyan və digərlərinin ortaya çıxıb Paşinyanı ölümlə təhdid etməsi həmin mərkəzlərdən qaynaqlanır. Güman edirəm ki, Paşinyan özü də Qərbə xüsusilə “stavka” edən hakimiyyət komandasının rəhbəri kimi təhlükəsizlik tədbirlərini yüksək səviyyədə həyata keçirib və bu əminliyə görə küçə və meydanlarda xalqın arasına rahat şəkildə çıxmağı bacarır. Əslində, Paşinyanın hakimiyyətə gəlişinin ilk günlərindən Azərbaycanla bağlı sərt ritorika ilə danışmağa çalışması hər kəsin yadındadır. O dönəmdə Paşinyan “Qarabağ Ermənistandır” deyəcək qədər cəsarət nümayiş etdirirdi. Seçildikdən sonra Şuşaya qədər qanunsuz səfərləri baş tutdu və sonrakı dövrdəki danışıqlar müharibəyə gətirib çıxardı”.
Siyasi şərhçi Paşinyanın müharibədən sonra dəyişməsinin səbəbini reallığı qəbul etməyə məcbur qalması ilə əlaqələndirib:
“İndiki durumda o anlayır ki, Azərbaycan və Türkiyə ilə sülhün əldə olunması və normal münasibətlər nəinki ölkəsini, onun özünü də xilas edə bilər. Müharibə ritorikasının ona heç nə qazandırmadığına əmin olduğu üçün sülhə “stavka” edir. Hazırda o, Azərbaycanla normal münasibətlərə və sülhə üstünlük verərək seçki platformasını buna uyğun müəyyənləşdirib. Digər tərəfdən, “Qarabağ klanı”, Ermənistanı qırğınlara sürükləyən, Azərbaycana qarşı müharibə cinayətləri törətmiş və yenidən müharibə tərəfdarı kimi mövqe sərgiləyən revanşist qüvvələrin sülhə alternativ olaraq müharibə çağırışları etmək üçün imkanları indiki dövrdə məhduddur. Onlar “fors-major” situasiyada Ermənistan rəhbərliyinə gələcəkləri təqdirdə belə, Azərbaycanla müharibə etmək imkanları minimumdur. Azərbaycanla müharibə onları Qərbi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ilkin mərhələdə Ermənistanı 1918-ci il mayın 28-də olan sərhədlərə qaytarmaq seçimi qarşısında qoya bilər. 1920-ci ildə bolşevik Rusiyası tərəfindən Azərbaycanın Qərbi Zəngəzur bölgəsi (20.000 kv. km-dən artıq ərazi) Azərbaycan xalqının iradəsi olmadan qəsb edilərək Ermənistana verilib. Bu tarixi ədaləti bərpa etmək üçün Azərbaycan şans qazanmış olacaq. Doğrudur, Azərbaycan rəhbərliyi birmənalı şəkildə sülhün bərqərar olunması ilə bağlı qətiyyətli bəyanatlar verməklə yanaşı, eyni zamanda atdığı addımlarla məhz bu bəyanatların ruhuna uyğun davranır. Ermənistanda sülhə qarşı çıxan qüvvələrin atacağı hər hansı addım bütövlükdə bu ölkənin taleyini sual altında qoya bilər”.
E. Paşasoy bildirib ki, seçkidən sonrakı mərhələdə Paşinyan Ermənistan cəmiyyətini müharibəyə sürükləyən qüvvələrə qarşı sərt addımlar atacaq və bu addımlar onların ölkədən qovulması ilə nəticələnə bilər:
“Hər halda seçim ermənilərindir. Paşinyan məhz öz mövqeyində haqlı olduğunu və Ermənistanın gələcəyinin yalnız real Ermənistan qurmaqdan asılı olduğunu anladığı üçün hələ də sənədi olmayan Ermənistan xəritəsini paylamaqla marafonu davam etdirir. Eyni zamanda, Paşinyan açıq şəkildə bildirir ki, onların heç vaxt olmayan Qarabağ uğrunda döyüşmək və ya Azərbaycanla üz-üzə gəlib itkilər vermək niyyəti yoxdur. Düşünürəm ki, xalqın da böyük əksəriyyəti sülhü dəstəkləyəcək. Eyni zamanda Qarabağ erməniləri, özləri çıxıb getmiş, sonradan isə İrəvanda hay-küy qaldıran və Paşinyanı cinayətkar, satqın adlandıran şəxslər və onların başında dayananların etirazları qarşısında Paşinyan onları daha çox ifşa etmək şansı qazanır və Ermənistanda yerli ermənilərin Qarabağdan gələn ermənilərə olan nifrətini alovlandırmaq imkanları əldə edir. Hesab edirəm ki, gələcəkdə Paşinyanın da dediyi kimi, Qarabağdan qaçıb getmiş, mülki əhalini girov saxlayan, sonradan isə qaçıb getmiş fərari ermənilərin başında dayananların Ermənistanda da qalması mümkün olmayacaq. Paşinyan onların kökünü kəsəcəyini və Ermənistandan rədd edəcəyini açıq şəkildə bildirməkdən çəkinmir. Hesab edirəm ki, bu proseslərdə hər hansı terror hadisəsi və ya bu tərz yanlış hərəkətlər olmasa, Paşinyan iyunun 7-də nəticələri öz xeyrinə yekunlaşdıra bilər”.
Nurlan Cəfəri













