Jalə Əliyeva: Ermənistanın xilası yalnız Azərbaycanın şərtlərindədir
“Otuz ildən artıq ədalətsiz şəkildə işğal altında saxladığı və haqsız müharibə apardığı bir ölkənin ədalətli tələblərinə əməl etmək məcburiyyətindədir”
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.
O, son zamanlar Ermənistanın sülh prosesi ilə bağlı atdığı müsbət addımları yüksək qiymətləndirib.
Deputat qeyd edib ki, Ermənistan məğlub tərəf kimi qalib tərəfin şərtlərinə əməl etməlidir:
“Otuz ildən artıq ədalətsiz şəkildə işğal altında saxladığı və haqsız müharibə apardığı bir ölkənin ədalətli tələblərinə əməl etmək məcburiyyətindədir. Beynəlxalq hüquq da bunu tələb edir. Halbuki, Birləşmiş Millətlər Təşkilatının bu illər ərzində qəbul etdiyi heç bir qətnaməni Ermənistan yerinə yetirməyib.
Prezident İlham Əliyevin çıxışlarında dediyi kimi, biz torpaqlarımızı öz gücümüz, imkanlarımız və inamımız hesabına azad etmişik. Bu isə əslində, BMT qətnamələrinin icrasıdır.
Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün danışıqlar masasında irəli sürdüyü şərtlər tamamilə haqlıdır və onların yerinə yetirilməsi vacibdir.
Son zamanlarda Ermənistanın baş naziri Nikol Paşinyanın “sülh müqaviləsinin imzalanmasına az qalıb” kimi verdiyi ardıcıl açıqlamalar isə Ermənistanın Azərbaycan tərəfinin irəli sürdüyü şərtlərin ölkəsi, xalqı və region üçün vacibliyini anladığından xəbər verir.
Əslində, bu şərtlərin qəbul olunması təkcə Azərbaycanın deyil, həm də Ermənistanın siyasi və iqtisadi maraqlarına uyğundur.
Əgər proseslər indiki şəkildə davam edərsə və Ermənistan xarici havadarlarının əlində bir oyuncağa çevrilməzsə, sülh müqaviləsinin imzalanacağı gün artıq uzaqda deyil”, – deputat vurğulayıb.
Nəsimi Ələsgərli