Mayın 24-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Həsən Bəy Zərdabi İrs Mərkəzinin təsisçisi Jalə Əliyeva Avrasiya İqtisadi Əlaqələr Birliyinin İdarə Heyətinin sədri Hikmet Ərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Söhbətdə Jalə Əliyeva bildirib ki, görüşün əsas məqsədi Azərbaycan-Türkiyə arasındakı sosial, ictimai, iqtisadi sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına yardımçı olmaqdır. Qeyd edib ki, bu əməkdaşlıq iki ölkə arasında vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri, ictimai-siyasi xadimlər, ziyalılar, eyni zamanda kiçik və orta sahibkarlıq nümayəndələrinin bir-birilə geniş əlaqələrinin təşkil olunmasına xidmət edəcək.
Söhbət zamanı 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəyi yüksək qiymətləndirilib.
Avrasiya İqtisadi Əlaqələr Birliyinin İdarə Heyətinin sədri Hikmət Ərən Türkiyənin yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfərlərini və burada keçirilən görüşləri məmnunluqla xatırlayıb.
İki qardaş ölkənin münasibətlərindən danışan qonaq bildirib ki, əlaqələrimizin strateji səviyyədə qurulması bölgənin təhlükəsizliyi baxımından önəmli zəmanətdir.
Tədbirdə Avrasiya İqtisadi Əlaqələr Birliyi təşkilatının Həsən bəy Zərdabi irsinin təbliği, Türkiyə ictimaiyyətinə, vətəndaşlarına tanıdılması istiqamətində fəaliyyəti haqqında məlumat verilib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
www.yenicag.az