!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kadırovun “bespredel”liyi, Rusiyanın planları və Putinin SÜKUTU – Səxavət Məmməd yazır

!Reklam – Yazi

Azərbaycandan qalxan təyyarə Rusiya ərazisinə keçir, Qazaxıstana məcburi eniş üçün üz tutur və yerə çırpılır. Təkcə bu trayektoriya onu deməyə əsas verir ki, təyyarə Rusiya ərazisində problemlə üzləşib.

Bu problemlər nə ola bilər? Ötən yazıda bəzi versiyalar üzərində durmuşdum. Hesab edirəm ki, təyyarə birbaşa hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmuş olsaydı, havada parça-parça olardı. Ona görə də təyyarənin dronlara açılan atəş nəticəsində zədələndiyi fikri üzərində qalıram. Bundan əlavə, radioelektron mübarizə (REM) vasitələrinin fəaliyyəti də təyyarənin radarlardan itməsinə, idarəetməni itirməsinə gətirib çıxarıb. Bura qədəri mənim üçün ilk gündən aydın idi. Amma aydın olmayan digər məsələlər var: Qroznı üzərində tez-tez Ukrayna dronlarının fəaliyyəti olur. Bu səbəbdən, Ukrayna dronlarının hücumuna məruz qalan bəzi şəhərlərdə REM vasitələrinin sayı həddindən artıq artırılıb. Belə olduğu halda, Qroznıdakı hava limanı niyə hələ də fəaliyyət göstərir? Çeçenistan, Rusiya belə bir hücumun olduğunu bilə-bilə niyə görə reysləri təxirə salmayıb? Hər halda, təxirə salmış olsalardı, AZAL ora özbaşına təyyarə göndərə bilməzdi. Mənim üçün işin qaranlıq tərəfi məhz bu hissəsidir.

Gələk digər qaranlıq hissəyə: hər şeyin açıq şəkildə ortada olmasına baxmayaraq, Rusiya hadisəni görməzdən gəlir. Rusiya tərəfi təyyarə qəzaya uğrayandan bir qədər sonra hadisəyə görə üzr istəyib, təzminatı öz üzərinə götürmüş olsaydı, məsələ bu qədər də şişməzdi. Vəziyyət elə bir həddə gəlib ki, bundan sonrakı mərhələ artıq siyasi gərginlikdir. Rusiya başqa ölkələrə qarşı fərqli davranıb, davranmağa da davam edəcək. Türkiyəlilər demiş, “can çıxar, huy çıxmaz”. Azərbaycan tərəfi istər helikopter, istərsə də antiterror əməliyyatından sonra ölən sülhməramlılarla bağlı Rusiyaya qarşı Rusiyanın indi davrandığı kimi davranmamışdı.

Çeçenistan rəhbərinin yardım təklifinə Azərbaycan tərəfinin qarşı çıxacağı məlum idi. Çünki Azərbaycan tərəfi Rusiya ilə münasibətləri əyalət liderləri üzərindən yox, Putin üzərində qurub. Əmisioğlunu mükafatlandıran Ramzan Kadırovun yardım təklifini heç kim qəbul etməzdi. Kadırovun “bespredel”liyini Rusiya özü cəzalandırmalıdır. Bunu dəfələrlə yazmışam, yenə də qeyd edim ki, Rusiyanın yanında olan ölkələr sevgidən yox, məhz Rusiyadan gələcək təhlükədən qorunmaq üçün onun yanında dururlar və yaxud elə görsənməyə çalışırlar. Çünki Rusiya demək təhdid, təhlükə deməkdir.

Rusiya Azərbaycan münasibətləri tarixinin ən yaxşı dönəmini yaşayırdı. Hətta hər iki ölkənin Qərbə olan münasibətlərində, bəyanatlarında fərq hiss olunmurdu. Bu qədər yaxınlıq təkcə kənardakıları yox, elə Rusiya daxilindəki müəyyən qüvvələri də narahat etməyə bilməzdi. Şaha ən yaxın olduğun vaxt boynunun vurulma təhlükəsinin daha yaxında olması deməkdir. Yaxınlıqla məsafəli davranmaq arasında incə bir cizgi var. Azərbaycan o incə cizgini keçmişdi. Rusiyanın apardığı siyasətə baxdıqda, açıq şəkildə rus dilinin onlar üçün prioritet olmasını görürük. Azərbaycanda rusdilli məktəblər bir neçə il də belə davam etsə, Azərbaycandilli məktəbləri vurub keçəcək. Burada dövlətin yanaşması təhlükəni özündən uzaq tutmaq üçündür. Bəs əhaliyə nə gəlib? Ən çox o məktəblərdə özünü böyük türkçü, ağzın açanda Rusiyaya qarşı alov püskürən ataların uşaqları, babaların nəvələri oxuyur. Xatırlayıram, rus dili ilə bağlı bir dəfə yazı yazmışdım. Sosial şəbəkələrdə topa tutmuşdular. Nə imiş, düşmənin dilini öyrənmək lazımdır. Bəhanəsini “sevdiklərim”…

Görünən odur ki, təyyarə qəzası ilə bağlı Rusiya rəsmi olaraq üzr istəməsə və təzminat ödəməsə, proses siyasi gərginliyə keçəcək. İndiki məqamda siyasi gərginlik Azərbaycana sərf edir? Düşünmürəm. Ukrayna müharibəsində Rusiyanın əl-qol açması, hər gün bir neçə yaşayış məntəqəsini işğal etməsi onu deməyə əsas verir ki, Rusiya əvvəllər ruporlarının dili ilə səsləndirdiyi fikirləri həyata keçirmək istəyə bilərlər. Yəni, Cənubi Qafqaza, Qazaxıstana “əl gəzdirə” bilərlər.

Hesab edirəm ki, Ukrayna müharibəsində Rusiya istəyinə çatsa, sahəyə baxdıqda çox şeyin istədiyi kimi getdiyini də nəzərə alsaq, ona Azərbaycan kimi müttəfiqlər lazım olmayacaq. Bütün imperialist dövlətlərin xislətində bu var. Ona lazım olana qədər yanında ola bilərsən. Coğrafiya qədərindir. Təəssüf ki, İran və Rusiya kimi iki qonşumuz var. Dövlətlər hansısa bir ortaq məxrəcə gəlib problemi həll edəcəklər. Ancaq indi sosial şəbəkələrdə “qan-qan” deyən insanlar nə edəcək, onu bilmirəm. Misal üçün kimsə uşağını rus sektorundan çıxaracaq? Əməli olaraq nə isə edəcək? İnanmıram. Mənim tanıdığım cəmiyyət Rusiya-Ukrayna müharibəsində bundan sonra “Ukraynaya azarkeşlik edirəm” deməkdən başqa heç nə bilmir.

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv