Bu gün sosial şəbəkələrdə zümzümə edib, pulla trendə düşənlər, ərindən boşanıb kafelərdə müğənniliyə başlayanlar sənətkar kimi verilişlərə dəvət olunur, yuxarı başa keçirilir.
Sözün əsl mənasında sənətkar olan bir mahnı oxuyanda, belələrinə beş mahnı oxumaq üçün meydan verilir. Adam veriliş boyu danışır…
Sənətdən başqa hər şeydən. Hansı həkimə gedib bədən şəkilləndirmə əməliyyatı etdirməsindən, dodağını necə şişirtməsindən, qaşını necə “KAMAZ” kimi yuxarı qaldırmasından tutmuş, sevgilinin aldığı qiymətli hədiyyələrə qədər…
Verilişdə qonaq olan sənətkar da bir ağız oxumağa başlayan kimi bu da “paz” olur onun oxuduqlarına… Sənətin “s” hərfindən xəbəri olmayan “müğənnicik” başlayır muğam boğazı etməyə, “xırdalıqlara”, “zəngülələrə”… Zilə qalxanda bəmə düşə bilmir, bəmə düşəndə də zilə qalxa bilmir. “Xoruz buraxa-buraxa” imkan vermir sənətkar oxusun. Aparıcı da bəh-bəhlə onu elə tərifləyir ki, sanki elə sənətkar bu imiş… Bu mədhiyyələrdən sonra tamaşaçı yazıq da çaş-baş qalır ki, yəqin bizim xəbərimiz yoxdur, əsl musiqiçi elə bunlardan ibarətdir.
Şou yaratmaq, reytinq qazanmaq üçün belələrini verilişə çağırırsınız, tamam, bir söz demirik. Amma beləsini də sənətkar, canlı əfsanə adı ilə camaata sırımayın, ayıbdır axı. Özünüzə hörmət qoymursunuz, qoymayın, ən azı onun yanında eyni verilişə dəvət alan sənətkara hörmət qoyun.
Şou yaratmaq üçün o qədər ucuz vasitələr var ki… Məsələn, “Ombanızı neçəyə əməliyyat etdirmisiz?”, “Üst-başınızdakı qır-qızılı, sürdüyünüz avtomobili sizə hansı sevgiliniz hədiyyə edib?” və s.
Qoy onlar bu barədə danışsın, səsi, sənəti olan da oxusun, tamaşaçını feyziyab etsin. Bunu etmədiyiniz təqdirdə də, sənətkarları efirlərdən qaçaq salırsız. “Bozbaş” müğənni ilə ona fərq qoyulmadığını görən sənətkar fikirləşir ki, belələri ilə eyni verilişə çıxıb, özünü urvatdan salmaqdansa, elə çıxmasa yaxşıdır.
Nəticədə də kafelərdən efirlərə köç edən müğənnilər telekanallarda at oynadır. Mədəniyyətimiz, musiqimiz də göz önündə məhv olub gedir. Necə deyərlər, sənət ölüb, üstündə ağlayanı yoxdur.
www.yenicag.az