Kainatda yaşanan qalaktika savaşları: KMB parçalanır - ARAŞDIRMA
Südyolu qalaktikamıza yaxın olan Kiçik Magellan Buludu (KMB) yaxınlıqdakı daha iri qalaktika – Böyük Magellan Buludunun (BMB) cazibə qüvvəsi nəticəsində tədricən parçalanır.
Yenicag.az xəbər verir ki, bununla bağlı araşdırma “The Astrophysical Journal Supplement Series”da dərc olunub.
Yaponiyanın Naqoya Universitetindən tədqiqatçı Kenqo Taçihara bildirib ki, bu nəticəni ilk dəfə əldə edəndə analiz metodlarında səhv ola biləcəyindən şübhələniblər. Lakin KMB-dəki 7 minə yaxın böyük kütləli ulduzun hərəkət trayektoriyası göstərib ki, onlar qalaktikanın əks istiqamətlərinə doğru hərəkət edir.
Bu ulduzlardan bəziləri BMB-yə yaxınlaşır, digərləri isə ondan uzaqlaşır. Bu da Böyük Magellan Buludunun cazibə qüvvəsinin KMB-yə təsir etdiyini və onu yavaş-yavaş dağıtdığını göstərir.
Tədqiqatçılar bildirirlər ki, bu müşahidələr təkcə KMB-nin taleyi ilə bağlı deyil, həm də qalaktikalararası qarşılıqlı təsirin yeni aspektlərini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır. KMB erkən dövr qalaktikaları ilə bənzərliklərə sahib olduğundan onun öyrənilməsi kainatın gənc yaşlarında baş verən proseslərin aydınlaşdırılmasına kömək edə bilər.