Kamran Şəfiyev: “Konstitusiya uzunmüddətli sabitlik üçün əsas təminat kimi çıxış edir”

media-hightechnic-468x90

 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli çıxışına əsasən, 2024-cü il ölkədə “Suverenlik və Konstitusiya İli” elan edilmişdir”.

Yenicag.az xəbər verir ki, bunu “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum zamanı Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev deyib.

O. diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin xalqın iradəsinə əsaslanaraq hazırladığı və 30 il əvvəl qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası dövlətin və cəmiyyətin bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların təməlini təşkil etmişdir:

“Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində qəbul edilmiş Konstitusiya müasir hüquqi dövlətin əsasını qoymuş, müstəqil Azərbaycanın siyasi və iqtisadi inkişaf strategiyasını müəyyənləşdirmişdir. Konstitusiyamızın əsas prinsipləri – xalqın yeganə hakimiyyət mənbəyi kimi tanınması, dövlət müstəqilliyinin təmin olunması, hakimiyyət bölgüsü prinsiplərinin tətbiqi, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi bəyan edilməsi və digər mütərəqqi ideyalar – Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rol oynamışdır”.

Onun sözlərinə görə, Konstitusiyanın qəbul olunması ölkəmizin dövlətçilik tarixində mühüm hadisə olmuş, vətəndaş cəmiyyəti quruculuğu üçün şərait yaratmış, insan hüquq və azadlıqlarının reallaşdırılması üçün zəmin formalaşdırmış və ölkənin həyatının bütün sahələrinin inkişafına təkan vermişdir:

“Konstitusiya uzunmüddətli sabitlik üçün əsas təminat kimi çıxış edir. Lakin bu sabitlik heç də onun dəyişməzliyini nəzərdə tutmur. Cəmiyyətin inkişafı və ictimai münasibətlərin dəyişməsi, bəzi hallarda konstitusion dəyişikliklərin edilməsini zəruri edir. Zaman keçdikcə, Konstitusiyanın tənzimlədiyi ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişə bilər”.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın inkişafı və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ölkədə həyata keçirilən hüquqi və institusional islahatlar, Konstitusiyada edilən dəyişikliklər dövlət idarəçiliyinin səmərəliliyini artırmaq və insan hüquqlarının daha da etibarlı qorunmasını təmin etmək məqsədi daşıyır. Keçirilmiş referendumlar nəticəsində Konstitusiyada mühüm və məqsədyönlü dəyişikliklər həyata keçirilmişdir” – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600