!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Karton qutudakı paltarlar – Rəfi Müslümov yazır

!Reklam – Yazi

Dünən avtobusla evə gedərkən qəribə bir mənzərə ilə qarşılaşdım. Əslində, avtobusun dayanacaqda 20-25 saniyə dayanması və gördüyüm səhnə bəzilərinə sadə gəlsə də, mənim üçün çox ağır oldu.

Həzərat, nə başınızı ağrıdım, pəncərədən baxarkən gördüm ki, dayanacaqda bir karton qutunun içində qalaq-qalaq paltarlar var. İndi deyəcəksiniz ki, burada qəribə nə var? Məsələnin poetik tərəfinə keçmək niyyətim də yoxdur. Sadəcə, həmin karton qutudakı nimdaş paltarlar mənə anam ölərkən paltarlarını yığıb yol qırağına qoymağımı xatırlatdı. Həqiqətən də ağır deyilmi? Bu dünyadan köçüb gedirsən və sənin paltarların yol qırağında hansısa evsiz-eşiksiz, kasıb adamın onu geyinməsi üçün buraxılır.

Deyirlər ki, insan onu xatırlayan son adam vəfat edəndə həqiqətən ölür. Bəs paltarları yol qırağına qoyulan adam ölmüş sayılmırmı? Onsuz da o adamın yas məclisində bütün qonaqlar gəlib, yeyib-içəcək, söhbət edib, “Amerika belə gəldi”, “İran belə getdi” deyib sonra da dağılışacaqlar. Vay məzardakının halına. Xülasə, mənim o qutudakı paltarları görməyim elə bir ürəyimə ox sancdı. Hətta yaşadığım ağır və çətin günlərin fraqmenti gözümün önündən keçdi getdi. Hətta 20-25 saniyə dünyanı unutdum desəm, yanılmaram.

Bilirsiniz, nə maraqlıdır? Bu həyatda var olduğun müddətcə, əgər sənin qara qəpik qədər hörmətin yoxdursa, öləndə də goruna söyəcəklər. Mən axirət dünyasına inanıram, oradakı sorğu-suala da. Lakin inanmaq istəmədiyim, daha dəqiq desəm, qəbul edə bilmədiyim sənin 40 günə yaddaşlardan silinməyindir. Cəmi 40 gün bəs edir ki, səndən geridə qalan hər şeyi atsınlar, məzarının üstünə ayda-ildə bir dəfə gəlsinlər, kefləri istəyəndə də “Yasin” oxutdurub getsinlər.

Sənin paltarlarının atılması ilə başlayan unudulmağın illər keçdikcə, daha da şiddətlənir və yada belə düşmürsən. Həqiqətən ağrıverici bir hal deyilmi? Təsəvvür edin, bundan 200 il sonra, məsələn, 2224-cü ildə biz, qohumlarımız və dostlarımız ilə birgə torpağın altında səssizcə yatacağıq. Bizim evimizdə isə tamamilə yad insanlar qalacaq, bizim olan hər şey başqa insanların olacaq, onlar bizim haqqımızda heç nə bilmirlər, ağıllarına belə gəlmir ki, biz nə vaxtsa yaşamışıq, ya yox. Bizim adlarımız və gördüyümüz işlər, hamısı unudulacaq. Bir müddət sonra bu qaranlıq və sükutun içində anlayacağıq ki, nə qədər alçaq və yalançı bir dünyada yaşamışıq, xəyallarımız və eqolarımız nə qədər absurd və böyüdülmüş olub. Eynən, karton qutuda atılan paltarlarımızın dəyərsizliyi kimi…

COP29

www.yenicag.az

373
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv