Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNİSEF) Azərbaycandakı nümayəndəsi xanım Saca Faruq Abdullahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov qeyd edib ki, Azərbaycan dövləti uşaqların təhlükəsizliyinin təmin edilməsi, onların müdafiəsi, təhlükəsiz mühitdə yaşaması və böyüməsi məsələlərinə hər zaman xüsusi diqqət yetirir və bu sahədə mühüm addımlar atır.
Bu çərçivədə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ölkəmizdə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, əhalinin, xüsusilə də həssas qrupların, o cümlədən uşaqların təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyəti barədə danışan nazir göstərilən sahədə aidiyyəti beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Bu xüsusda, Nazirliklə UNİSEF-in Azərbaycandakı Nümayəndəliyi arasında sıx əlaqələrin formalaşdığını, ötən illər ərzində bir sıra birgə layihələrin müvəffəqiyyətlə reallaşdırıldığını xatırladıb.
Nazir Kəmaləddin Heydərov uşaq təhlükəsizliyi sahəsində Fövqəladə Hallar Nazirliyinin gördüyü işlər, həyata keçirdiyi tədbirlər barədə qonaqlara ətraflı məlumat verib, bu sahədə UNİSEF-in Azərbaycandakı Nümayəndəliyi ilə münasibətlərin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİSEF) Azərbaycandakı nümayəndəsi xanım Saca Faruq Abdullah səmimi görüşə görə təşəkkür edib, ötən ilin noyabr ayında Azərbaycan tərəfindən qlobal əhəmiyyətli tədbir olan COP29-un ölkəmizdə uğurla keçirildiyini vurğulayıb.
Xanım Saca Faruq Abdullah rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib, ölkəmizdə uşaq təhlükəsizliyi sahəsində Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
www.yenicag.az