Tovuz rayonu Aşağı Öysüzlü kəndində sakinlərin pay torpaqları yoxa çıxıb.Yenicag.az xəbər verir ki, kənd sakini Zakir Qələndər oğlu Mehdiyev də zərərçəkənlərdən biridir. İki övlad sahibi olan Mehdiyev bildirir ki, ona verilən 26 sot pay torpağının 9 sotunu bələdiyyə işçiləri kimliyi bilinməyən şəxslərə satıb və ya torpağı “qeybə” çəkilib.
Aşağı Öysüzlü bələdiyyəsinin sədri Nizami Dadaşova müraciət edən vətəndaşa verilən cavab onu məyus edib. Bələdiyyə sədri kənd sakininə torpağının kimdə olduğunu öyrənmək üçün Tovuzda müvafiq qurumlara, daha sonra isə Bakıda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etməyi “məsləhət” görüb.
Bələdiyyə sədri paytaxtdan cavab gələcəyi təqdirdə vətəndaşın probleminin həll olunacağını deyib. Üstəlik, Zakir Mehdiyev yazdığı ərizə və torpağının neçə sot olduğunu müəyyənləşdirmək üçün əlavə rüsum ödəməliymiş. Vətəndaş isə rüsumu konkret hara və nə qədər köçürəcəyini soruşanda tək cavab alıb: “Sənədləri Bakıdan alanda bu barədə sənə məlumat verəcəyik”.
Bu halla rayonun bir neçə sakini də qarşılaşıb. Əməkdaşımızın onlarla söhbətindən də məlum olub ki, pay torpaqları kəndlilərdən xəbərsiz icarəyə verilib. Hətta rayon sakini Həmdulla Əhmədovun iddiasına görə, ona və ailə üzvlərinə verilən pay torpağından tamamilə xəbərsizdir. Başqa bir sakin Adilə Səlimova da deyir ki, illərdir nəinki torpağı barədə, heç bələdiyyə sədrinin kimliyi barədə də məlumatı yoxdur. Sakinin sözlərinə görə, rayonda bələdiyyə strukturu yox səviyyəsindədir. “Onlar ancaq sakinlərdən vergi yığır, torpaqlardan istədikləri kimi istifadə edir, qarşılığında isə vətəndaşlara xidmət göstərmirlər”.
Eyni vəziyyətlə Kamran Cəbrayılov da qarşılaşıb. Onun iddiasına görə, Əlmərdanlı bələdiyyəsi pay torpaqlarından istədiyi kimi istifadə edir. Aşağı Öysüzlü bələdiyyəsinin sədri Nizami Dadaşov isə kənd sakini Zakir Mehdiyevin iddiası ilə barışmır. O, bildirdi ki, sakinin həqiqətən də 26 sot torpağı var. Sənədlər Tovuz rayon kadastr idarəsində təsdiqləndikdən sonra Bakıya göndərilməlidir. Paytaxtdan gələndən sonra Zakir Mehdiyev 45 manat dövlət rüsumu ödəyib, pay torpağına sahib olmalıdır. Nizami Dadaşov onu da dedi ki, bələdiyyələrin kəndlilərin torpaqlarını icarəyə verdikləri ilə bağlı vətəndaşların iddiaları həqiqətə uyğun deyil.
Nihat Cəbrayıl
www.yenicag.az