Köçəryan çevriliş üçün resurs tapmasa başqa ssenarilər üzərində işləyəcək - ŞƏRH
“Köçəryanın çevriliş üçün yetəri qədər insan resursu olmasa başqa ssenari üzərində işləyəcək”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aqşin Kərimov bildirib.
Politoloq Ermənistanda keçiriləcək prezident seçkilərindən əvvəl Robert Köçəryanın siyasi manevrlərindən danışıb:
“Robert Köçəryan Moskva səfərində Azərbaycana qarşı olan dairələrlə görüşərək yeni təlimatlar və direktivlər ala bilər. Bu, bir daha Köçəryanı Moskvanın canişini kimi arqumentləşdirən məqam olaraq diqqətə alına bilər. Hərçənd ki, Köçəryan Moskvaya səfərini şəxsi məsələ kimi qələmə verir. Ancaq bunun həqiqət olmadığı və Köçəryanın daha geniş kontekstdə Rusiyaya səfər etməsi onun mətbuat konfransında baş nazir Nikol Paşinyana qarşı ritorikasında görünür. Deməli, Köçəryan ritorik xətləri ilə iki tezis aldığını ifadə edir:
- Köçəryan Azərbaycanın Ermənistanda ciddi və uzunmüddətli strateji təsir qurmaq imkanlarına qarşı çıxış edir.
- Köçəryan Azərbaycanla sülh gündəmində Bakının şərtlərini nəzərə almaq məcburiyyətində olan Paşinyana qarşı siyasi kurs həyata keçirən yeni mexanizmlər yaradır”.
Kərimov qeyd edib ki, Türkiyə və Azərbaycan müttəfiqliyi Rusiyanın Köçəryan planını alt-üst edə bilər:
“Bunlar Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri öncəsi Moskvanın gördüyü geosiyasi hazırlıqların bir fraqmentidir. Ancaq nəzərə alınmalıdır ki, Robert Köçəryan çevrilişə hazırlaşsa belə, bunun üçün Paşinyan əleyhinə lazım olan həddə insan resursu toplaya bilməyəcək. Buradan isə başqa bir ssenari üzərində iş gedə bilər: Köçəryan Rusiyanın 102-ci bazasının komandanlığı ilə koordinasiyalı iş quraraq hərbi plan hazırlığı həyata keçirə bilər.
Bununla belə, Azərbaycan və Türkiyə strateji müttəfiqliyi və buna tərəfdaş olan dövlətlər Rusiyanın Köçəryan vasitəsilə təxribat planlarına qarşı dura bilərlər. Bu, xüsusilə Azərbaycan və Türkiyənin Ermənistanda ciddi nüfuz dairəsi qurmaq səyləri ilə uyğunluq təşkil edir. Başqa yandan isə ABŞ-nin Cənubi Qafqazdakı strategiyasını Azərbaycanla uzlaşdırması Bakı-Vaşinqton xəttində Ermənistandakı seçki prosesinə təsir imkanları yarada bilər”.
Nurlan Cəfəri