Kommunistlər, keşişlər və Kremlin KÖLGƏSİ: Ermənistan siyasətindəki “MÜQƏDDƏS İTTİFAQ”

media-hightechnic-468x90

 

“Ermənistanda gələn il parlament seçkilərinin keçiriləcəyi artıq bəllidir və seçkilər yaxınlaşdıqca, müxalifətin bütün mümkün vasitələrdən istifadə edərək fəallaşması, əslində, gözlənilən idi və hazırda bu proses baş verir. İndi Ermənistan müxalifəti Paşinyanın atdığı, demək olar ki, bütün addımları ölkənin milli maraqlarına zidd qərarlar kimi təqdim edərək bu yanaşmanı cəmiyyətə təlqin etməyə çalışır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Analitik son günlər Ermənistanda fəallaşan müxalifət üzvlərinin fəaliyyətləri ilə yanaşı revanşistlərin hakimiyyətə qarşı apardıqları müqaviməti şərh edib.

R. Bayramov xatırladıb ki, ATƏT-in baş katibi Feridun Sinirlioğlunun İrəvana səfəri çərçivəsində keçirilən görüşlərdən sonra müxalifət mediası bu hadisəni Ermənistanın ATƏT-in Minsk qrupundan imtina etməsinin əsasının qoyulması kimi təqdim etdi:

“Həmçinin delimitasiya və demarkasiya komissiyalarında hər hansı müsbət irəliləyiş əldə edildikdə, bu da dərhal Paşinyan hakimiyyətinin Ermənistanın maraqlarını satması kimi ictimaiyyətə çatdırılır. Paşinyanın konstitusiya dəyişikliyi ilə bağlı verdiyi bəyanatlar fonunda da müxalifət bu məsələdən istifadə edərək anti-Paşinyan mövqeyinin gücləndirilməsinə çalışır”.

Onun sözlərinə görə, hazırda da qondarma erməni “soyqırımı”nın ildönümünün yaxınlaşması fonunda müxalifət fəallaşıb:

“Paşinyanın bu məsələyə bir neçə dəfə münasibət bildirərək faktiki olaraq rəqəmlərin şişirdildiyini etiraf etməsi də diqqətdən qaçmayıb. O, ötən il bu hadisələrlə bağlı konkret adların siyahısının tutulmasını təklif etmişdi. Lakin məlumdur ki, bu “soyqırımı” iddiaları saxtadır və buna görə də hər hansı obyektiv addımlar atılmır. Hazırda müxalifət bu məsələdə israrla Paşinyandan sərt mövqe tələb edir. Lakin belə bir mövqe, təbii ki, Ermənistan-Azərbaycan münasibətlərinə, həmçinin Ermənistan-Türkiyə danışıqlarına mənfi təsir göstərə bilər. Müxalifətin də əsl məqsədi məhz budur. Çünki bu qüvvələr, əslində, xaricdən idarə olunur və nə Azərbaycanla sülh, nə də Türkiyə ilə normallaşma prosesində maraqlıdırlar”.

Siyasi təhlilçi hesab edir ki, müxalifətin aktivliyi davam edəcək və biz yeni canlanmaların şahidi olacağıq:

“Məsələn, son bələdiyyə seçkilərində, xüsusilə Gümrüdə kommunistlərin gözlənilməz irəliləyişi və Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının zəifləməsi müxalifətin müxtəlif istiqamətlərdə fəallaşacağının göstəricisidir. Bütün bu proseslər Ermənistanda revanşist meyllərin güclənməsi fonunda baş verir. Paşinyanın reytinqi artıq 2018-ci ildə hakimiyyətə gəldiyi dövrdəki səviyyədə deyil. Zaman keçdikcə, ondan gözləntilər azaldı və vədlərin yerinə yetirilməməsi nəticəsində Paşinyanın reytinqi ciddi şəkildə aşağı düşdü. Ermənistanın hələ də “davam edən dövlət” olaraq qalması, sosial-iqtisadi inkişaf tempinin zəifliyi və iqtisadiyyatın Rusiyadan asılılığının davam etməsi də Paşinyanın nüfuzuna mənfi təsir göstərir”.

Müsahibimiz əmindir ki, bütün bunlara əlavə olaraq, Ermənistanın sürətlə silahlanması da ölkədə revanşist ab-havanı gücləndirir və bu da öz növbəsində Paşinyanın reytinqinə təsir edir:

“Doğrudur, hazırda Paşinyan və komandası müxalifətlə müqayisədə reytinq üstünlüyünə malikdir, lakin bu artıq əvvəlki illərdəki kimi deyil. Xüsusilə Ermənistanın Avropa İttifaqına üzvlük proseduruna başlamağa hazırlaşdığı bir mərhələdə Rusiyanın “beşinci kolon”u hesab edilən müxalifətin, kilsənin, kommunistlərin və digər qüvvələrin birgə və koordinasiyalı mübarizə üsullarından istifadə etməsi gözləniləndir. Bir sözlə, bütün bu proseslər qarşıdan gələn seçkilərdə hakim komandanın məğlubiyyətini təmin etməyə yönəlib”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600