KOMPAKT ORDUYA KEÇİD: Hərbi Ekspert Azərbaycandakı dəyişikliyin DETALLARINI AÇIQLADI
“Azərbaycan üçün gündəm artıq müharibə, döyüş əməliyyatları və ordu sayının daha da artırılması deyil”.
Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O, Milli Məclisin zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılması haqqında dəyişikliyi qəbul etməsi barədə fikirlərini bildirib.
Hərbi ekspert qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrimizin qarşısında qoyulan əsas vəzifə artıq icra edilib:
“Azərbaycan torpaqları düşmən işğalından azad olunub. Digər tərəfdən, diplomatik sahədə də qələbələrimiz davam edir. Sülh sazişi artıq Ermənistanla paraflanıb. Başqa sözlə, Azərbaycan üçün gündəm artıq müharibə, döyüş əməliyyatları və ordunun sayının daha da artırılması deyil, azad olunan ərazilərin bərpası, Silahlı Qüvvələrin kompakt və məqsədlərimizə uyğun tərkibdə saxlanılması, eləcə də ordunun müasirləşdirilməsidir.”
Verdiyev əlavə edib: “Bu hədəflərimiz zabit kimi həqiqi hərbi xidmət keçən qulluqçuların xidmət müddətinin bir il altı aydan bir ilə endirilməsinə imkan verir. Dövlətimiz zərurət olmadığı halda həqiqi hərbi xidmət müddətini azaltmaqla vətəndaşların daha tez mülki həyata qayıtmasına, öz karyeralarını və şəxsi həyatlarını qurmasına şərait yaradıb. Bu addım müsbət qərar kimi qiymətləndirilir”, – deyə o, fikrini yekunlaşdırıb.
Nəsimi Ələsgərli












