Körfəzdə kəşfiyyat savaşı başladı: İranın “yatan hüceyrələri” bir-bir çökdürülür

media-hightechnic-468x90

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı, ABŞ və İsrail ilə İran arasında müharibənin genişləndiyi bir mərhələdə Körfəz ölkələrinin ard-arda həyata keçirdiyi əməliyyatlar təsadüfi hadisələr kimi qiymətləndirilə bilməz.

Yenicag.az Londonda yayınlanan “əl-Majalla” jurnalına istinadən xəbər verir ki, Qətər, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində İranın İnqilab Keşikçiləri Korpusu və “Hizbullah”la əlaqəli “yatan hüceyrə”lərin ifşa edilməsi regionun təhlükəsizlik arxitekturasında yeni bir mərhələnin başlandığını göstərir. Bu, artıq təkcə kəşfiyyat əməliyyatı deyil, geosiyasi balansın dəyişməsinin açıq əlamətidir.

Tarixi köklər: bu şəbəkələr yeni deyil

Körfəz ölkələrində ifşa olunan hüceyrələrin fəaliyyəti ani şəkildə yaranmayıb. Onların strukturu və metodları 1980-ci illərdən formalaşıb və illər boyu təkamül edərək daha mürəkkəb şəbəkəyə çevrilib.

1983-cü ildə Küveytdə həyata keçirilən bombalı hücumlar, 1988-ci ildə təyyarə qaçırılması, daha sonra Səudiyyə Ərəbistanında baş verən partlayışlar bu modelin ilk mərhələləri idi. O dövrdə əsas məqsəd siyasi təzyiq və psixoloji təsir yaratmaq idisə, bu gün həmin şəbəkələr artıq kəşfiyyat, maliyyə və texnoloji diversiya funksiyalarını birləşdirən çoxşaxəli struktura çevrilib.

Bu baxımdan, hazırkı hadisələr tarixdəki epizodların təkrarı deyil. Əksinə, onlar uzun illər ərzində qurulan gizli infrastrukturun böhran anında aktivləşdirildiyini göstərir.

Yeni taktika: müharibə yalnız cəbhədə aparılmır

Son əməliyyatlar bir mühüm həqiqəti üzə çıxardı: müasir müharibə yalnız raket və tanklarla aparılmır.

Körfəz ölkələrində saxlanılan şəxslərin fəaliyyəti göstərdi ki, bu hüceyrələr hərbi obyektlərin koordinatlarını toplamaq, raket zərbələrinin dəqiqliyini artırmaq, strateji obyektləri manipulyasiya etmək, maliyyə sistemlərinə sızmaq kimi funksiyalar yerinə yetirirdi.

Bu isə klassik terror modelindən fərqli olaraq “hibrid müharibə” konsepsiyasının tətbiq edildiyini göstərir. Yəni qarşıdurma bir tərəfdən hərbi hücumlarla, digər tərəfdən isə daxildə gizli şəbəkələrin fəaliyyəti ilə paralel şəkildə aparılır.

Diplomatik balansın sonu: Qətər nümunəsi

Ən diqqət çəkən məqam Qətərin mövqeyində baş verən dəyişiklikdir. Uzun illər İranla balanslı münasibətlər saxlayan Doha ilk dəfə açıq şəkildə İranla əlaqəli strukturlara qarşı sərt addımlar atdı və hətta bəzi diplomatik şəxslərin ölkədən çıxarılmasını tələb etdi.

Bu, regionda yeni siyasi reallığın formalaşdığını göstərir.

Artıq Körfəz ölkələri İranla münasibətlərdə ehtiyatlı diplomatiya modelindən birbaşa təhlükəsizlik yanaşmasına keçirlər. Bu dəyişiklik regionun geosiyasi xəritəsinə uzunmüddətli təsir göstərə bilər.

Maliyyə cəbhəsi: müharibənin görünməyən tərəfi

BƏƏ-də ifşa olunan şəbəkə bir daha göstərdi ki, müasir qarşıdurmanın əsas sahələrindən biri maliyyə sistemidir.

Bu şəbəkələr narkotik və qaçaqmalçılıq gəlirlərini, kriptovalyuta əməliyyatlarını, kommersiya şirkətlərini istifadə edərək gizli maliyyə mexanizmləri qurur.

Bu modelin məqsədi birbaşa hücum etmək deyil, ölkələrin iqtisadi və maliyyə dayanıqlığını zəiflətməkdir. Bu isə uzunmüddətli strateji təsir yaradır və klassik hərbi hücumdan daha təhlükəli nəticələr doğura bilər.

Regional nəticələr: təhlükəsizlik doktrinası dəyişir

Körfəz ölkələrinin son əməliyyatları bir neçə mühüm nəticə ortaya qoyur:

Birincisi, regionda təhlükəsizlik prioritetləri dəyişir. Artıq əsas təhlükə yalnız xarici hücum deyil, daxildə fəaliyyət göstərən gizli şəbəkələrdir;

İkincisi, kəşfiyyat və daxili təhlükəsizlik strukturlarının rolu daha da artır;

Üçüncüsü, region ölkələri arasında təhlükəsizlik əməkdaşlığı güclənir və koordinasiya daha sistemli xarakter alır.

Bu proseslər yaxın illərdə Yaxın Şərqdə yeni təhlükəsizlik modelinin formalaşmasına səbəb ola bilər.

Region uzunmüddətli qarşıdurma mərhələsinə daxil olur

Körfəz ölkələrində “yatan hüceyrələr”in ifşa edilməsi təkcə lokal təhlükəsizlik hadisəsi deyil. Bu, regionda baş verən daha geniş prosesin – uzunmüddətli və çoxsəviyyəli qarşıdurmanın göstəricisidir.

Əgər əvvəlki illərdə münaqişələr, əsasən, açıq hərbi toqquşmalarla xarakterizə olunurdusa, bu gün qarşıdurma daha mürəkkəb və görünməz formaya keçib.

Başqa sözlə, müharibə artıq yalnız sərhədlərdə deyil – şəhərlərin içində, maliyyə sistemində və informasiya məkanında aparılır.

Amir Aqiloğlu

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05