!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusun sarsıtdığı QLOBAL DÜZƏN: “Kapitalizm çökəcək, dövlətlərin idarəetmədə rolu artacaq”

!Reklam – Yazi

“Tarixdə milyonlarla insanın ölümünə səbəb olmuş xəstəliklər də müharibələrin qarşısını ala bilməyib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dünyanın kabusuna çevrilmiş koronavirus pandemiyasının qlobal düzənə artıq hiss olunan təsirini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu bildirib ki, koronavirus pandemiyası uzun müddət ərzində oturuşaraq sabitləşən kapitalizim və liberalizm sisteminə çox böyük zərbə vuracaq:

“Qərb ölkələri demokratik dövlətlərdir, liberal dəyərləri bölüşürlər. Buna baxmayaraq, həmin demokratik ölkələrdə vətəndaşlara əmr edirlər ki, küçəyə çıxmaq olmaz. Hətta bu əmrə tabe olmayanlar cinayət məsuliyyətinə cəlb edilə bilər. Halbuki belə bir qanun yoxdur.

Bununla belə, vəziyyətə obyektiv baxsaq, məhdudlaşdırıcı qaydaların tətbiqi doğru qərardır. Azərbaycanda da analoji addımlar atılıb. Artıq hər bir insan dərk etməlidir ki, o, yalnız öz sağlamlığına cavabdeh deyil. Məsuliyyətsiz davranış bir nəfərin özündən başqa yüzlərlə, minlərlə insanı yoluxdurması ilə nəticələnər.

Əsas suala gəldikdə, deyə bilərik ki, gələcəkdə kapitalizm və liberalizmin bəşəriyyət üçün yeganə doğru yol olmadığı üzə çıxacaq. Müəyyən fərqli cərəyanlar yarana bilər. Dövlətlərin və hökumətlərin idarəetmədə rollarının artması istisna edilmir.

Məsələn, İtaliya və Almaniyanı götürək. İtaliyada xəstəxanalar özəlləşdirilmişdi, Almaniyada isə xəstəxanalar daha çox dövlətin nəzarətində idi. O baxımdan, Almaniya və İtaliyadakı mövcud vəziyyətin fərqi ortadadır. Bu isə belə deməyə əsas verir ki, koronavirus pandemiyası zərərsizləşdirilsə belə, dövlətlərin idarəetmədə iştirakı genişlənəcək, liberal yanaşmalar məhdudlaşacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özü də vurğulayır ki, bundan sonra dünya əvvəlki dünya olmayacaq, dəyişəcək. Dünən böyük 20-lərin ilk dəfə onlayn toplantısı keçirildi. Orada əsas müzakirə mövzusu pandemiyanın aradan qalxmasından sonra müharibə və sanksiyalardan imtina etmək oldu”.

Politoloq hesab edir ki, koronavirus pandemiyasından sonra dünyanın köklü şəkildə dəyişəcəyi haqda düşüncələr yanlışdır:

“Bəşəriyyət bu kimi hallarla yüz ildən bir üzləşir. 1720-ci ildə Avropa taun xəstəliyi ilə üz-üzə qalmışdı, milyonlarla insan ölmüşdü. Ancaq o fəlakət müharibələrə son qoymadı. 1820-ci ildə Avropanı vəba xəstəliyi bürümüşdü, yenə də milyonlarla insan tələf olmuşdu. Bunun ardınca nə qədər qanlı müharibələr baş verdi… 1920-ci ildə “ispan qripi”ndən az qala 80-100 milyon insan həyatını itirdi. Bununla belə, təqribən iyirmi ildən sonra İkinci Dünya Müharibəsi başladı.

Əlbəttə, bu virusdan sonra dünyanın dəyişməsi zəruridir, yeni baxışların formalaşması lazımdır. Hazırda dünyanın müxtəlif ərazilərində münaqişələr dayandırılıb. İsrail-Fələstin toqquşmasına sanki ara verilib, Suriyada sakitlikdir…

Çünki “gözəgörünməz düşmən” sərhəd tanımır, hər tərəfi vurur. Ona görə də, hər kəs yerində dayanıb. Ancaq bu, o demək deyil ki, virus təhlükəsi ortadan qaldırıldıqdan sonra müharibələr dayanacaq, münaqişələr həll olunacaq, dövlətlərarası münasibətlər sabitləşəcək.

Şübhə yoxdur ki, koronavirus təhlükəsi səngiyəndən cəmi bir neçə il sonra dünya yenə əvvəlki axarına qayıdacaq. Ola bilsin, oturuşmuş sistemlərdə müəyyən dəyişikliklər olsun. Yəni açıq göründü ki, dövlətlər azad sahibkarlığa tam şərait yaratsalar da, onlar böhranlı vəziyyətlərdə özlərini xilas edə bilmirlər, dövlətin əlinə baxırlar. Zavod və fabriklər dayanıb, onları yenidən hərəkətə gətirmək üçün dövlət yardımlarına ehtiyac var. Əgər belə bir dəstəyə ehtiyac yaranırsa, o zaman dövlətin idarəetmədə rolunun artması qaçılmazdır. Dövlətin rolunun artdığı şəraitdə isə insan haqları və liberal dəyərlərin məhdudlaşdırılması istisna olunmur”.

Politoloqun fikrincə, koronavirus pandemiyası dünyanın siyasi münasibətlərində yeni səhifə aça bilər:

“Koronavirusun timsalında “gözəgörünməz düşmən”lə mübarizə aparmaq üçün dünya səhiyyəsi tam sürətlə inkişaf etdirilməlidir. İndiki vəziyyət göstərir ki, dünya ölkələrinin silahlanmaya bu qədər pul xərcləmələrinin heç bir mənası yox imiş. Rusiya və ABŞ neçə illərdir, öz nüvə arsenallarını genişləndirirlər. O raketlər indi bu ölkələri koronavirusdan xilas edirmi? Yəqin ki həmin ölkələr bundan sonra silahlanmaya ayrılan pulları səhiyyənin inkişafına sərf etməyin zəruriliyini başa düşəcəklər.

Ən acınacaqlısı budur ki, koronavirus sürətlə yayılsa da, ona qarşı peyvəndin hazırlanması yubanır. Tibb sahəsi üzrə bu qədər Nobel mükafatı laureatı var, ancaq heç bir mütəxəssis o peyvəndi hələ ki hazırlaya bilmir. Peyvəndin nə vaxt hazırlanacağı məlum deyil. Ona görə də, bütün dövlətlərin peyvənd hazırlanması istiqamətində səylərinin birləşdirilməsi vacibdir.

Biz bir tərəfdən deyirik ki, virusla mübarizə qloballaşma prosesinə mənfi təsir edir, çünki sərhədlər bağlanıb. Avropa İttifaqı da sərhədlərini bağlayıb. İtaliya Avropa İttifaqının üç qurucu dövlətindən biridir. Ancaq İtaliya da Fransa və Almaniyadan yardım istəyəndə, rədd cavabı aldı. Əvəzində Rusiya İtaliyaya yardım etdi və italyanlara göstərdi ki, baxın, sizə müttəfiqləriniz yox, biz yardım edirik.

Bu addım Rusiyanın Avropa İttifaqını parçalamaq arzusundan xəbər verir. Düşünürəm ki, koronavirus təhlükəsi ortadan qaldırıldıqdan sonra Avropa İttifaqında çox ciddi və maraqlı proseslər baş verəcək”.

Səxavət Məmməd

www.yenicag.az

780
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv