“Hazırda Çində ümumilikdə 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Dövlət xətti ilə təhsil alan tələblərin sayı 62-dir. Koronavirusun yayıldığı bölgələrdə isə 7 tələbəmiz var”.
Yenicag.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, karantin bölgəsində tələbələrin təxliyyəsi və onların vəziyyəti ilə bağlı Təhsil Nazirliyi Azərbaycanın Xarici İşlər Nazirliyi və Azərbaycanın Çindəki səfirliyi ilə daim əlaqə saxlayır.
Nazir bildirib ki, həmin tələbələrlə səfirlik vasitəsilə əlaqə saxlanılır: “Bizdə olan məlumata görə, 50-dən artıq ölkə öz vətəndaşlarını oradan çıxarmaq üçün Çinə müraciət edib. Bizim də Xarici İşlər Nazirliyindən əldə etdiyimiz məlumata əsasən, bu gün Çin Xarici İşlər Nazirliyində iclas olacaq. İclasdan sonra açıqlama olacaq ki, Çin tərəfinin növbəti addımları nə olacaq. Buna dair açıqlama verildikdən sonra növbəti addımlar atılacaq. Biz bu məsələni daim diqqətdə saxlayırıq”.
www.yenicag.az