Kosovoda paytaxta gedən yollar bağlanıldı – Etirazlar BÖYÜYÜR
Qismən tanınan Kosovoda yüzlərlə iş adamı hökumətin elektrik enerjisini açıq bazar qiymətləri ilə almağa məcbur edən qərarına etiraz olaraq cümə axşamı paytaxt Priştinaya gedən əsas yolları bağlayıblar. Aksiyada ağır yük maşınlarından da istifadə edilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, hələ mart ayında Kosovo Enerji Tənzimləmə Orqanı iyunun 1-dən etibarən 50-dən çox işçisi olan və ya illik dövriyyəsi 10 milyon avronu keçən bütün şirkətlərin subsidiyalardan yararlana bilməyəcəyini elan edib. Qurumun bildirdiyinə görə, bu addım ölkənin Avropa İttifaqına inteqrasiya prosesində tələblərdən biri olan enerji bazarının liberallaşdırılması məqsədilə atılıb.
Lakin yerli iş adamları qərarın onların gəlirlərinə ciddi zərbə vuracağını bəyan edərək hökumətdən bu keçid üçün bir illik uyğunlaşma dövrü tələb ediblər. Onlar vurğulayıblar ki, bazar qiymətlərinə keçidə qarşı deyillər, ancaq istehsalat üçün zəruri avadanlıqların alınması və artan xərclərin yumşaldılması üçün zaman lazımdır.
Kosovonun baş naziri Albin Kurti isə etirazlara sərt reaksiya verib. O, cümə axşamı Nazirlər Kabinetinin iclasında bildirib ki, əlavə vaxt verilməsi problemi həll etmir, əksinə enerji xərclərini 1.200 şirkətdən ev təsərrüfatlarının üzərinə yükləyir.
Qeyd edək ki, Kosovo hazırda elektrik enerjisinin 90 faizindən çoxunu köhnə iki kömürlə işləyən elektrik stansiyasından əldə edir. Ölkə tələbatın qalan hissəsini isə idxal hesabına qarşılayır. Yalnız ötən il bu məqsədlə hökumət 114 milyon avro xərcləyib.
Xatırladaq ki, 2021-ci ildə Kosovonun enerji şəbəkəsi operatoru ölkənin şimalında serblərin yaşadığı dörd bələdiyyəyə göstərilən pulsuz elektrik təchizatını dayandıracağını açıqlamışdı.