Kral ailəsində İLK DƏFƏ? - Endryudan əvvəl cərimələnən və həbs edilənlər
Dünyada hazırda əsas gündəm Britaniya Kralının qardaşı Endryu Mauntbetten-Vindzorun Epşteyn içi ilə əlaqədar həbs edilməsidir.
Yenicag.az xəbər verir ki, müasir dövrün Britaniya kral ailəsi üzvləri qanunla problemlər yaşasalar da, həbs edilən başqa birini tapmaq üçün İngiltərə Vətəndaş Müharibəsinə qədər getmək lazımdır.
Digər müasir kral ailəsi üzvlərinin də qanunla yüngül qarşıdurmaları olub. Şahzadə Anna üç dəfə sürət həddini aşarkən yaxalanıb və “Təhlükəli İtlər Aktı”na əsasən məsuliyyətə cəlb edilib. 2002-ci ildə onun iti Dotti Vindzor Böyük Parkında iki oğlanı dişləmiş və Şahzadə Slau Maqistrat Məhkəməsində günahını etiraf etdikdən sonra 500 funt sterlinq məbləğində cərimə edilmişdi.
Şahzadə 2001-ci ildə Qlosterşirdə “Bentley” markalı avtomobilini saatda 93 mil (limit 70 mil) sürətlə idarə etdiyi üçün sürət həddini aşmaqda təqsirli bilinmiş, 400 funt-sterlinq cərimə edilmiş və sürücülük vəsiqəsinə beş cərimə balı yazılmışdı. Kralın bacısı həmçinin 1977-ci ilin yanvarında, 26 yaşında olarkən M1 magistralında saatda 96 mil sürətlə hərəkət etdiyinə görə Derbişirdə 40 funt sterlinq cərimələnmişdi.
1990-cı ilin oktyabrında o, iki dəfə sürət həddini aşdığını etiraf edərək “bir görüşə gecikdiyini” iddia etmiş, buna görə 150 funt sterlinq cərimə edilmiş və bir ay müddətinə sürücülük hüququndan məhrum edilmişdi. Onun qızı Zara da 2020-ci ildə Kotsuoldsdakı evinin yaxınlığında saatda 91 mil sürətlə hərəkət edərkən yaxalanmış və altı ay müddətinə sürücülükdən məhrum edilmişdi.
Endryu Mauntbetten-Vindzorun keçmiş həyat yoldaşı Sara Ferqyuson isə bir dəfə maraqlı bir hadisəni danışmışdı: 1986-cı ildə özünün xına gecəsində o və Şahzadə Diana polis paltarı geyinib özlərini polis kimi təqdim etdikləri üçün Park Polisinin furqonuna mindirilmiş və az qala həbs olunmuşdular.
Lakin rəsmi şəkildə nəzarətə alınan başqa kral ailəsi üzvünü tapmaq üçün İngiltərə Vətəndaş Müharibəsinə qədər geri qayıtmaq lazımdır. Özünü Şotlandiya ordusunun ixtiyarına verdikdən doqquz ay sonra – 1646-cı ildə şotlandlar I Çarlzı İngiltərə Parlamentinə təslim etdilər.
O, təxminən bir il Hempton Kort Sarayında nəzarət altında saxlanıldı, lakin Sauthempton qrafı və digər tərəfdarlarının köməyi ilə qaçdı. Yenidən tutulduqda isə Vayt adasındakı Kerisbruk qalasında saxlanıldı və orada İkinci Vətəndaş Müharibəsinə səbəb olan üsyanı təşkilinə davam etdi. I Çarlz 1649-cu ilin yanvarında Vestminsterdə məhkəməyə çıxarıldı, apardığı gizli danışıqlar və yazışmalar ona qarşı sübut kimi istifadə edildi. O, dövlətə xəyanətdə təqsirli bilinərək Uaytholda qılıncla edam edildi.
Tüdorlar dövründə kral ailəsi üzvlərinin həbs edilməsi daha geniş yayılmışdı:
VIII Henrinin arvadları: Onun ikinci arvadı Anna Boleyn kişi varis dünyaya gətirə bilmədiyi üçün uydurma olduğu düşünülən xəyanət, zina və ensest ittihamları ilə başı kəsilərək edam edilib. Kralın beşinci arvadı Ketrin Hovard da xəyanət və zina iddiaları ilə eyni aqibəti yaşayıb.
I Elizabet: Qardaşları VI Eduardın erkən ölümündən sonra Mariya (Qanlı Mariya) bacısı Şahzadə Elizabeti (gələcək I Elizabet) ev dustaqlığında saxlayıb. 1554-cü ilin martında o, anası Anna Boleynin də saxlanıldığı London qalasına aparılıb. Ögey bacısı onu “Uayatt üsyanı”nda iştirakda şübhəli bilirdi. Səkkiz həftəlik həbsdən sonra azad edilərək Vudstokda ev dustaqlığına göndərilib və 1558-ci ilin noyabrında Mariyanın ölümündən sonra kraliça olub.
Şotlandiya Kraliçası Mariya: I Elizabet daha sonra katolik əmisiqızı Şotlandiya kraliçası Mariyanı 1568-ci ildə həbs etdirib və onu 18 ildən çox nəzarət altında saxlayıb.













