Kreml Zəngəzurdan NARAHATDIR – Amerikalı analitik GİZLİNLƏRİ AÇDI
“Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesi obyektiv baxımdan müsbət inkişafdır, lakin Rusiya üçün vacib olan məsələ bu prosesin nəticəsində hər iki tərəfin 2020-ci ilin noyabrında Moskvanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının sonuncu bəndini ləğv etməməsidir. Həmin bəndə əsasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Sərhəd Xidməti Bakının Zəngəzur dəhlizi adlandırdığı əraziyə nəzarət etməlidir”.
Bunu Yenicag.az-a açıqlamasında Rusiyada yaşayan amerikalı politoloq Endryu Koribko deyib.
O, ötən gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində baş tutan Əliyev-Paşinyan görüşündən sonra Zəngəzur dəhlizi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
Onun sözlərinə görə, bəzi Qərb media orqanları iddia edirlər ki, ABŞ Ermənistanı bu dəhlizin Rusiya nəzarətinə verilmədən açılmasına razı salmağa çalışır:
“Hətta bəzi xəbərlərdə qeyd olunur ki, dəhlizə Rusiya yox, Amerika şirkəti nəzarət edə bilər. Lakin bu iddiaların nə dərəcədə etibarlı olduğu hələ ki, məlum deyil. Hər halda, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etmək istəyi görünür ki, Türkiyənin regional gücü ilə bağlı narahatlıqla əlaqədardır. Bu isə uzunmüddətli perspektivdə həmin ölkələrin Rusiya rəhbərliyi ilə yaradılmış KTMT-dən çıxıb, Ankaranın təşəbbüsü ilə formalaşan Türk Dövlətləri Təşkilatına (TDT) üzv olmaları ilə nəticələnə bilər. Əgər TDT bölgədə təhlükəsizlik sahəsində KTMT-ni əvəzləyərsə, bu, Moskva üçün ciddi geosiyasi itki olacaq”.
Analitik deyib ki, Ermənistanla Azərbaycanın sülh prosesi çərçivəsində Zəngəzur dəhlizini açmağa razılaşmaları Kremlin narahatlığına səbəb ola bilər:
“Belə bir addım Rusiya tərəfindən Türkiyənin regionda güc balansını dəyişməyə çalışması kimi qiymətləndirilə bilər. Bu ssenari reallaşarsa, Rusiya ilə Ermənistan, Azərbaycan, Türkiyə və hətta ABŞ arasında münasibətlər daha da mürəkkəbləşə bilər. Nəticədə, Rusiya ilə ABŞ arasında Ukrayna mövzusunda aparılan danışıqlar da çətinləşə bilər. Amma bu, sadəcə bir ehtimaldır”.
Rafi Müslümov