“Mən, ümumiyyətlə, hansısa bir şirkətin, saytın adını çəkərək, danışmağı xoşlayan bir insan deyiləm. Amma ümumilikdə onu deyə bilərəm ki, əgər bir şey ki, havayı verilir, demək, onun alt qatında başqa bir şey var. Yəni “havayı pendir, siçan tələsində olar” misalı buna aiddir. Yəni nəyinsə qarşılığında bu olmalıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında kriptovalyutalar üzrə araşdırmaçı, “ATC Launchpad” kriptovalyutasının yaradıcısı Qurbanəli Ömər deyib.
Mütəxəssis bundan bir neçə gün öncə fəaliyyətində problem yaranan və ölkəmizdə də məşhurlaşan “Hamster Kombat” oyununun əsas məqamlarından söz açıb.
Onun sözlərinə görə, bəzən bəzi kriptovalyuta şirkətləri tərəfindən verilən tokenlər, qarşılıqlı, simvolik və aldadıcı ola bilir:
“Amma sonda sən onu nağdlaşdırmaq istəyəndə, şirkət sənin şəxsiyyət vəsiqəni, mobil nömrəni istəyirsə, demək ki, burda dayanmaq lazımdır. Çünki bu tipli proqramlar insanların şəxsi məlumatlarını alıb, ən yaxşı halda şirkətlərə satırlar. Reklam şirkətləri də süni intellekt botlar vasitəsilə bunları alqoritmləşdirir və bunlardan istifadə edir. Amma təbii ki, pis hallar da ola bilər. Yəni xaker şirkətlərinə də verə bilərlər bunu. Ona görə də diqqətli olmaq lazımdır”.
“İkincisi məsələ isə ümumilikdə götürdükdə deyə bilərik ki, perspektivli gələcək internet üzərində dayanıb. Təbii ki, biz internetdə, kriptovalyuta sektorunda olmalıyıq, blokçeyndən istifadə etməliyik. Amma qızıl qaydalar var ki, onlara da əməl etməliyik. Hansısa bir layihənin arxasında ciddi layihə yoxdursa, bu zaman diqqətli düşünməliyik. Və ya bu, “network marketing” yolu ilə yayılırsa, yenə də diqqətli düşünməliyik. Çünki “network marketing” yolu ilə yayılanların çoxu məhz piramidalar olur. Arxasında şirkət olmayan, yəni “ponzi” olanlara qarşı da diqqətli olmalıyıq”, – deyə o, əlavə edib.
Q.Ömər onu da vurğulayıb ki, kriptovalyuta sektorunda bizim diqqət göstərməli digər məqamlardan biri də budur ki, bəzən hansısa bir layihə həddindən artıq uğurlu, yaxşı, çox gözəl bir yerdə olur:
“Lakin bu da nəticədə “şişir”. Yəni layihə öz dəyərinin daha artığına gəlib çıxır. Bu təsadüfən olur, yoxsa başqa manipulyasiyalar yolu ilə, fərq etmir. Məsələn, “Dogecoin”i (1 DOGE – 0,21 AZN – red.) 70 sentdən alan adamlar bu gün ziyandadırlar. Halbuki onun arxasında Elon Mask dayanıb.
Mən həmişə tövsiyə edirəm ki, insanlarımız fyuçerslərdən uzaq dursunlar. Çünki bu, yalnız “scalping” etmək üçündür, yəni saatlıq, dəqiqəlik qrafiklər əsasında al-sat etmək. Məhz gün ərzində elə bir neqativ xəbər çıxa bilər ki, bir də görəcəksiniz, sizin bütün balansınız yoxa çıxıb, itib-batıb.
Texniki təhlükəsizlik məsələlərinə gəldikdə isə burada əsas diqqət etməli olduğumuz məqam ondan ibarətdir ki, biz nəyin bahasına olursa olsun, həmin bu mobil cüzdanlar, əplikeyşnlar və saytların şəxsi məlumatlarımıza keçid imkanları olmasın”.
Rafi Müslümov
www.yenicag.az