Başa çatmaqda olan həftədə it dişləməsi nəticəsində iki azyaşlı uşağın dünyasını dəyişməsi məsələnin ciddiliyindən xəbər verir.
Zaman-zaman bu məsələ qabardılsa da nədənsə, sonradan aktuallığını itirir. Nəticədə, insanlar sahibsiz küçə itlərinin qurbanına çevrilirlər. Təbii ki, heyvana “ay it, məni dişləmə” deyə bilməzsən. Amma hər halda bunun bir çıxış yolu olmalıdır.
Bölgələrdə açıq sahələr daha çox olduğundan, sahibsiz itləri geniş şəkildə yayılıb. Amma iş burasındadır ki, eyni mənzərəyə paytaxt Bakımızın mərkəzi küçələrindən tutmuş, qəsəbələrində də rast gəlmək olur. Məsələn, Sabunçu rayonu Yeni Ramana qəsəbəsi sahibsiz küçə itlərinə görə ön sıralardadır. Gündüzlər kölgədə sərinlənən itlər, hava qaraldığı zaman təhlükə mənbəyinə çevrilirlər. Əslində, bu təhlükə gündüzlər də yaşanır. Hətta Şuşa şəhərçiyi adlanan ərazidə küçə itlərini sürü halında görmək mümkündür. Son aylarda dəfələrlə sahibsiz it hücumlarına məruz qalan insanlar var. Dəfələrlə aidiyyatı qurumlara müraciətlər olunsa da, problem öz həllini tapmayıb. Sonuncu dəfə bəhanə olaraq it tutmaq üçün torların yararsız olduğunu bəhanə ediblər. Buna görə də valideynlər öz uşaqlarını küçəyə buraxmır, sahibsiz itlərə görə övladlarını məcburən “ev dustağı” edirlər. Təbii ki, sahibsiz itlərin küçə ortasında, camaatın gözü qarşısında, eləcə də gizlində güllələnməsi və ya hər hansı üsulla öldürülməsi də çıxış yolu deyil.
Təhlükə mənbəyinə çevrilən heyvanlar üçün sığınacaqların yaradılması, itlərin müayinə və peyvənd olunması məsələsi də gündəmə gətirilməlidir.
Emin Səfərov
www.yenicag.az