Lənkəranın Sütəmurdov kəndində həyətyanı sahədə su quyusundan qədim maddi-mədəniyyət nümunələri aşkar edilib. Tapıntıların tədqiqi üçün AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinə müraciət olunub.
Yenicag.az xəbər verir ki, Mərkəzin əməkdaşları quyuya baxış keçiriblər. Təqribən eni 1, dərinliyi 5 metr olan quyunun profilində qalınlığı 3 metrdən yuxarı olan mədəni təbəqə aşkarlanıb. Tapıntının orta əsrlərə aid olduğu müəyyən edilib.
Lənkəran Regional Elmi Mərkəzinin elmi işçisi, a.ü.f.d. Samir Kərimov aşkarlanan materialların 2 qrupa ayrıldığını bildirib. Alimin sözlərinə görə, birinci qrup şirsiz saxsı məmulatıdır. Bunlar orta tutumlu küplər və işıqlandırma vasitələri olan çıraqlardır ki, onlar da əsasən məişətdə istifadə olunub. İkinci qrup saxsı qalığı isə əsasən şirli saxsı məmulatından ibarətdir. Həmin şirli saxsı məmulatının tədqiqi burada XII-XIII əsrlərə aid qalın mədəni təbəqəyə malik yaşayış yerinin mövcud olduğunu göstərir.
Mütəxəssisin rəyinə görə, yanğın izləri, saxsı qırıntıları, kömür qalıqları və qalın kül qatı sübut edir ki, hələ ta keçmişdən burada intensiv həyat olub. Sonralar abidənin üzərində kənd yaşayış yeri salındığından mədəni təbəqə qismən də olsa, dağıntılara məruz qalıb.
Samir Kərimov əlavə edib ki, bu abidəni Sütəmurdov yaşayış yeri kimi də xarakterizə etmək olar. Tapıntı yeri Lənkəran çayının sahilindən təqribən 700-800 metr aralıda yerləşir. Hələ 2017-ci ildə qonşu Velədi kəndində də orta əsrlərə aid bu cür yaşayış yeri aşkar edilib. Saxsı məmulatının analizi bu iki yaşayış yeri arasında bənzərliyin olduğunu göstərir.
Yazılı mənbələrdə Lənkəran şəhərinin əsasının XVII-XVIII əsrlərdə qoyulduğu qeyd olunsa da, əldə olunan, eyni zamanda, təsadüf nəticəsində aşkarlanan maddi-mədəniyyət nümunələri Lənkəran şəhəri yaxınlığında yaşayışın hələ XII-XIII əsrlərdə mövcud olduğunu bir daha sübut edir.
Yeni tapıntılar tədqiq olunması üçün Lənkəran Regional Elmi Mərkəzinin Arxeologiya şöbəsinə təqdim olunub.
www.yenicag.az