“Əməliyyatların başladığı qısa müddət ərzində əhəmiyyətli uğurlar var və o barədə də, yəqin ki, rəsmi məlumat veriləcək”.
Lokal antiterror əməliyyatlarının keçirildiyi ərazilərdə peşə fəaliyyətini yerinə yetirən Yenicag.az-ın əməkdaşı Səxavət Məmməd ordumuzda və əhalidə ruh yüksəkliyinin hökm sürdüyünü bildirir.
Səxavət Məmmədin bildirdiyinə görə, əməliyyatın başladığı qısa müddət ərzində ermənilər istər canlı qüvvə, istərsə də hərbi texnika baxımından ciddi itkilər verməkdədirlər:
“Artıq üç saatdan çoxdur Azərbaycan Silahlı Qüvvələri Qarabağda lokal antiterror əməliyyatına başlayıb. Müvafiq istiqamətlərdən başlayan əməliyyatlarda Ermənistanın ərazidəki hərbi hədəflərinə ilkin olaraq raket-artilleriya və PUA zərbələri endirilib. Məhv edilən hərbi hədəflər sırasında çox sayda post, yanacaq anbarı, artilleriya qurğuları və hava hücumundan müdafiə sistemlərini qeyd edə bilərik.
Əldə etdiyimiz məlumata əsasən, ermənilər istər canlı qüvvə, istərsə də hərbi texnika baxımından ciddi itkilər verməkdədirlər. Hazırda insanlarımızı maraqlandıran, bəlkə də, ən vacib sual ordumuzun quru əməliyyatlarına başlayıb-başlamamasıdır. Hər halda, bu barədə qərar hərbi komandanlıq tərəfindən şəraitə uyğun qaydada qəbul ediləcək. Mövcud situasiyada əsas diqqət Ermənistanın hərbi hədəflərinin məhv edilməsinə yönəlib.
Əməliyyatların başladığı qısa müddət ərzində əhəmiyyətli uğurlar var və o barədə də, yəqin ki, rəsmi məlumat veriləcək. Davam edən əməliyyatların keçirildiyi ərazilərdə hərbçilərlə və mülki əhali ilə təmaslarımız oldu. Gözlənildiyi kimi, həm ordumuzda, həm də insanlarımızda ruh yüksəkliyi hökm sürür. Hər şey öz axarındadır”.
Səxavət Məmməd
www.yenicag.az