“ABŞ 2003-cü ildə İraqa hərbi müdaxiləsini bu ölkənin kimyəvi silaha malik olması ilə “əsas”landırmışdı”.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, MAGATE-nin qeyd olunan hesabatında İranın 2015-ci ildə ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya ilə imzaladığı nüvə anlaşmasına (Birgə Fəaliyyət Planı) riayət etməsi üzrə monitorinqin nəticələri yer alıb.
MAGATE-nin ABŞ-ın sözügedən anlaşmadan çıxmasından sonra hazırladığı ikinci hesabata əsasən, İran 2015-ci ildə əldə olunmuş razılaşmanın şərtlərinə, xüsusilə, uranın zənginləşdirilməsi və digər əsas bəndlərə tam əməl edir.
Adıçəkilən beynəlxalq qurum tərəfindən İranın bəhs olunan öhdəliyi maksimum yerinə yetirdiyinin təsdiqlənməsi beynəlxalq miqyasda birmənalı qarşılanmayıb. Daha doğrusu, MAGATE-nin İran barəsində verdiyi bu müsbət rəy İslam Respublikasını hədəfə almış ABŞ-ın planlarına vurulan güclü zərbə kimi qiymətləndirilir.
Çünki prezident Donald Tramp İranın üzərinə götürdüyü öhdəlikləri pozduğunu iddia edərək, nüvə anlaşmasından çıxmışdı. MAGATE-nin hesabatı isə ABŞ-ın bu kontekstdə İrana yönəlik iddalarının əsassız olduğunu göstərməklə yanaşı, Trampı başlıca “arqument”indən məhrum edir.
Mövzunu Yenicag.az-a dəyərləndirən politoloq Əlabbas Məhərrəmov bildirb ki, MAGATE-nin son hesabatı bu nüfuzlu təşkilatın siyasi konyukturalara alət olmaq istəmədiyini göstərir:
“Kifayət qədər mötəbər qurum olan MAGATE-nin bu hesabatı əlbəttə ki, ciddi qəbul edilməlidir. Həmin hesabat davamlı monitorinqlər əsasında hazırlanıb və onların fəaliyyətinə maneə yaradılması haqqında heç bir irad olmayıb.
Bu hesabatdan ABŞ-ın narazı qalması qətiyyən təəccüblü deyil. Çünki Barak Obamanın yumşaltmağa çalışdığı ABŞ-İran münasibətləri Donald Trampın gəlişindən sonra yenidən əvvəlki gərginlik fazasına qayıtmaqdadır. Burada isə Trampın “xidmət”ləri xüsusi qeyd olunmalıdır.
Trampın İran əleyhinə kampaniyasının əsas motivlərindən biri bu ölkənin üç il əvvəl imzalanmış nüvə müqaviləsinin tələblərini pozması iddiası idi. Bu iddiasında qəti olan ABŞ hətta birtərəfli qaydada həmin müqavilədən çıxdı. İndi isə MAGATE zəmanət verir ki, İran bütün öhdəlikləri yerinə yetirir. Açıqlanan hesabat obrazlı desək, ABŞ-ın tərksilah olunmasıdır. Çünki bu iddia öz təsdiqini tapmır.
Xatırlayırsızsa, ABŞ 2003-cü ildə İraqa hərbi müdaxiləsini bu ölkənin kimyəvi silaha malik olması ilə “əsas”landırmışdı. Ancaq İraqın işğalından sonra etiraf edildi ki, həmin ölkədə kimyəvi silah olmayıb. ABŞ indiyə kimi İrana qarşı addımlarını Tehranın nüvə proqramı ilə arqumentləşdirirdi. MAGATE isə ABŞ-ı bu arqumentindən məhrum edir.
Ancaq burada əsas məqam heç nə ilə hesablaşmaq istəməyən Trampın hansı addımı atacağıdır. ABŞ prezidentinin MAGATE və başqa beynəlxalq təşkilatların rəyini nəzərə alaraq, İrana basqıları dayandıracağı inandırıcı görünmür”.
A.Zeynalov
www.yenicag.az