Magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan binasında aparılacaq.
Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, imtahan bütün binalarda eyni vaxtda saat 13:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcəkdir.
İmtahan xarici dil fənni üzrə dinləmə mətninin səsləndirilməsi ilə başlayacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 12:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.
Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd bakalavrların imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş bakalavrların əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:
– Şəxsiyyəti təsdiqləyən sənədin əslini;
– “İmtahana buraxılış vərəqəsi”ni.
Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.
Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 1‑dən 11-dək aparılıb. İmtahanda iştirak üçün 12685 bakalavr ərizə təqdim edib. Onlardan 11503 nəfəri Azərbaycan bölməsi, 1182 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 5508 nəfəri oğlan, 7177 nəfəri isə qızlardır. Bakalavrlardan 7311-i cari ilin, 5374-ü isə əvvəlki illərin məzunlarıdır, 23 nəfər xarici ölkə vətəndaşıdır.
www.yenicag.az