Magistraturaya qəbul imtahanının (I cəhd) 2024-cü il fevralın 11-də keçirilməsi nəzərdə tutulur.
Yenicag.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 15-dən 29-dək aparılacaq.
Qeyd edək ki, “Magistr” jurnalının 2 nömrəli buraxılışı nəşr edilib. Jurnalda ali təhsil müəssisələrinin magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılma və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib.
Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib. Hər bir fənn üzrə jurnalda verilən “QR” kodu “skan” etməklə müvafiq audiofayla birbaşa keçid edə və bu audiofayla qulaq asmaqla verilən tapşırıqları yerinə yetirmək mümkündür./APA
www.yenicag.az