"Makronun anormal siyasəti Fransanı uçuruma aparır" - Telman Nüsrətoğlu
“Makronun səriştəsizliyi Amerikanın Fransada sağ ultra qüvvələri hakimiyyətə gətirmək istəməsinə səbəb olub”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Telman Nüsrətoğlu bildirib.

Politoloq son zamanlar açıq təhdidlərlə davam edən Makron-Tramp mübarizəsinin əsas səbəblərini izah edərək qeyd edib ki, yeni dünya nizamı uğrunda gedən mübarizədə Fransa və Amerikanın maraqları kəskin şəkildə toqquşur:
“Xüsusilə Rusiya məsələsində Amerika Çinlə uzlaşmaq üçün Rusiya ilə razılığa gəlməyə çalışır. Avropanın isə ciddi Rusiya qorxusu var. Hazırkı vəziyyətdə Avropa İttifaqı strateji baxımdan itirən tərəfdir. Bir tərəfdən daxildə ultramillətçilik yüksəlir, digər tərəfdən köçmən gücünə ehtiyac olduğu halda, onlara qarşı kəskin refleks yaranır. Bu paradoksal vəziyyətdə Fransanın 3 trilyona yaxın borcu var, iqtisadiyyatında və ordusunda problemlər ortadadır. Belə bir vəziyyətdə Amerika Fransada hakimiyyətin dəyişməsini və sağ ultra qüvvələrin gəlməsini istəyir.”
T. Nüsrətoğlu qeyd edib ki, Vaşinqton Parisdə öz maraqlarına xidmət edəcək rejim görmək niyyətindədir:
“Amerikanın Fransa ilə mübarizəsi müxtəlif regionları əhatə edən geosiyasi prosesdir. Bu, həm də Makronun apardığı anormal siyasətin nəticəsidir. Amerikanın NATO ilə yeni münasibətlər sistemi qurmaq istəməsi, təhlükəsizlik zəmanətini geri çəkməsi və müdafiə xərclərini artırmağı tələb etməsi Avropa – Fransa münasibətlərinə təsir edən əsas faktorlardır.”
Nurlan Cəfəri












