Masada Əbu-Dabi GÖRÜŞÜ – Paşinyan Azərbaycanın tələblərini qəbul EDƏCƏKMİ?
“Görüşün müsbət notlarla başlaması ondan xəbər verir ki, bu görüş sülh prosesini bir xeyli sürətləndirəcək”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili görüş öncəsi Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı səmimi qarşılaşmanın sülh prosesinə müsbət təsirindən danışıb.
Deputat bildirib ki, Azərbaycan və Ermənistanın hökumət dairələri arasında təmasların olduğu siqnalları daha öncə də verilmişdi:
“Konkret hədəf varsa, şübhəsiz ki, kommunikasiya da olmalıdır. Prosesi geniş və kənar maraqlardan uzaq, konkret və dar olmaqla ikitərəfli maraqlara doğru minimallaşdırmaq lazım idi. Bu baxımdan, illərlə bilərəkdən formalaşdırılan vasitəli nitqdən vasitəsizə keçmək əsas amil idi. İstənilən təmas müsbətdir. Bir halda ki, sülh müqaviləsi olacaq, birgəyaşayışdan söhbət gedir, bunun yolu da artıq sadəcə ünsiyyətdən keçməlidir. Delimitasiya komissiyası üzrə mütəmadi ünsiyyətin olması hər mənada bugünkü mənzərəni formalaşdırdı. ABŞ Dövlət katibi Marko Rubionun görüş öncəsi ümid dolu fikirlərinin şahidi olduq. Bu cür fikirlər müsbətdir, amma görünən odur ki, hər iki ölkənin rəsmiləri məsələni də prosesi də kənar qüvvələrdən uzaq tutmağa çalışırlar”.
Onun sözlərinə görə, seçkiöncəsi Nikol Paşinyana qarşı ciddi təzyiqlərin şahidiyik:
“Bu təzyiqlər onu seçkiqabağı tamamilə zəiflətməyə hədəflənib. Təzyiqlər fonunda onun tarixi və iqtisadi dividentlərlə dolu layihələr təqdim edən regional aktorlara meylləndiyini görürük. Türkiyə və Azərbaycanla münasibətlərə fokuslanan fikri regional layihələr və bu layihələrdən gələn iqtisadi dividentlərlə xalqın rifahını yaxşılaşdırmaq planları, yerini daha dayanıqlı etmək məqsədləri var. Azərbaycan Ermənistan qarşısında iki məsələ qaldırıb: bunlar olmadan sülh sazişi olmayacaq. Əbu-Dabidə görüşün müsbət notlarla başlaması isə ondan xəbər verir ki, bu görüş sülh prosesini bir xeyli sürətləndirəcək”.
Nəsimi Ələsgərli