Avtomobilindən oğurluq olan tanınmış aparıcı Saleh Bağırovun əşyaları hələ də tapılmayıb.
Yenicag.az-a açıqlama verən Saleh Bağırov hadisənin təfərrüatını açıqlayıb:
“Dünən işdən çıxıb maşına oturmaq istəyəndə, o an şok oldum. Maşının şüşələri qırılıb, içi pis günə qoyulmuşdu. Əl çantam da götürülmüşdü. Günün günorta çağı belə hadisənin baş verməsi, məni təəccübləndirdi. Polisə xəbər verdim. Əməliyyat qrupu gəldi, sağ olsunlar, iki saatın içində həmin adamı tutub gətirdilər. Adam da narkomanın biri. Dedi ki, elə bildim içində pul var, ona görə çantanı oğurladım. Dedi ki, həmin çantanı yaxınlıqdakı zibil qutusuna atıb, ancaq polislər nə qədər axtardı tapa bilmədilər. İçində ətirlərim, şəxsi əşyalarım, vacib sənədlərim vardı. Onları istəmirəm, heç olmasa sənədlərim tapılsın”.
Xatırladaq ki, Saleh Bağırovun maşınından oğruluq olub.
Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Saleh Bağırova məxsus “KİA” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edib və həmin şəxs saxlanılıb. Araşdırmalarla onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Cəvahir
www.yenicag.az