ABŞ-də “McDonald’s” “fast-food” qida şəbəkəsi ilə bağlı rezonans böyüyür. Belə ki, ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin verdiyi məlumata görə, yediyi qida nəticəsində bağırsaq çöpləri infeksiyası xəstəliyinə yoluxmuş bir nəfər ölüb, daha on nəfər müştəri isə xəstəxanaya yerləşdirilib.
Qurum əlavə edib ki, ümumilikdə 10 ştatda “E.coli O157:H7” bakteriya ştammı ilə bağlı 49 hadisə qeydə alınıb və müştərilərin hamısının “Royal Cheeseburger”dən infeksiyaya yoluxduğu vurğulanıb. İlkin məlumata görə, bakteriyaların soğanın tərkibində olması ehtimal edilir.
Sözügedən hadisə isə ölkəmizdə də fəaliyyət göstərən bir sıra “fast-food” qida restoranlarını hazırladığı qidalara etibarlılıq məsələsini bir daha gündəmə gətirir. Maraqlıdır, görəsən, “fast-food” qidaları ilə bağlı Azərbaycanda yoxlamalar necə aparılır?
Mövzu ilə bağlı Yenicag.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bütün qida sektoru Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altındadır.
“Lakin AQTA xüsusi bir sənəd hazırlamır ki, biz istehlakçılara deyək, həmin sənəd olanda bilin ki, bu, təhlükəsiz qidadır. Belə bir sənəd mövcud deyil. Əvvəllər sertifikat anlayışı var idi, indi isə bu yoxdur. Əlbəttə, ABŞ-də baş verənlərin Azərbaycanda da baş verməsi istisna olunmur. Ümumiyyətlə, “fast-food” insanların kənar durmalı olduğu bir qida sistemidir və AQTA bu işlərə nəzarət edir”, – deyə o bildirib.
E. Hüseynov onu da qeyd edib ki, Azərbaycandakı zəhərlənmələrin statistikası ümumdünya göstəricisindən 1400 dəfə, ölümlərin sayı isə 74 dəfə az göstərilir.
“Bütün bunlar onu deməyə imkan verir ki, Azərbaycanda zəhərlənmələr gizlədilir və statistikaya baxaraq, dövlət orqanları qərar qəbul edir ki, bu sahədə dünyanın ən xoşbəxt xalqıyıq. Əslində isə belə deyil. Bir sözlə, bütün bu sektora AQTA nəzarət edir və istehlakçı hər hansı qidada bakteriya olub-olmamasını bilə bilməz”.
İsmayıl Bakuvi
www.yenicag.az