MDB dövlət başçılarının Soçidə keçirilən növbəti görüşü də başa çatdı. Hansı ki, Azərbaycan prezidenti İlham Əliyev də həmin tədbirdə iştirak edib.
Sözügedən görüşün nəticələrini dəyərləndirmək üçün siyasi ekspertlərə müraciət etdik.
Milli Məclisin deputatı Asim Mollazadə Yenicag.az-a açıqlamasında bildirdi ki, MDB ölkələri rəhbərlərinin Soçi görüşü də əvvəlkilər tək nəticəsiz yekunlaşıb:
“MDB dövlət başçılarının Soçi görüşündə də hansısa bir real məsələlər müzakirə edilməyib. Bu, bir klubdur ki, orada da keçmiş SSRİ ölkələri başçıları görüşərək, müəyyən problemləri müzakirə edirlər. Təşkilat öz-özlüyündə başqa bir funksiya daşımır. Fikrimcə, mövcud olan problemlər fonunda təşkilat daxilindəki bəzi ölkələr arasında kəskin ziddiyyətlər var. Hansı ki, həmin gərginliklər də çox ağır istiqamətdə inkişaf edir. Hətta bu ölkələri yenidən Sovet İttifaqı sisteminə qaytarmaq iddiaları da səslənir. Amma həmin iddialar Ermənistan istisna olmaqla heç kim tərəfindən dəstək qazanmır. Soçi görüşü də hər zaman olduğu kimi nəticəsiz başa çatan bir görüş təəssüratı bağışladı. Həm iqtisadi, həm də digər sahələrdə aşkar şəkildə fərqli baxışların mövcudluğu göz qabağındadır”.
Milli Məclisin deputatı Fərəc Quliyev MDB ölkələri sammitinin effektli olacağı qənaətində deyil:
“MDB yarananda onu ölü doğulmuş uşağa bənzədirdilər. Amma hər halda Rusiya bu qurumdan istifadə etməyə çalışır. Daha çox da beynəlxalq və bölgə uğrunda gedən oyunlarda özünü burada aparıcı dövlət kimi göstərmək istəyir. Həmçinin bu formatı daha da ələ almaqla müəyyən başqa məqsədlərini də həyata keçirtməyə çalışır. Məsələn, Moskva Avrasiya İqtisadi İttifaqını yaratmaq, hərbi çərçivəyə daha başqa dövlətləri cəlb etməklə bağlı işlər görür. Lakin məsələ ondadır ki, bu qurumun əhəmiyyətli bir fəaliyyəti və qərarları yoxdur. Məsələnin ikinci tərəfi, orada təmsil olunan dövlətlərin bir-birilə münasibətlərilə bağlıdır. Azərbaycanla Ermənistan bir masa arxasında oturur. Amma münaqişəni Rusiya yaradıb və bu iki dövlətdən gözləntiləri varsa, bunun özü də absurd məsələdir. Burada idarə edənin Rusiya olmasına baxmayaraq, özü də təzadlı bir vəziyyətdə qalıb. Ona görə də MDB-nin perspektivini görmürəm. Amma hər halda təşkilat mövcuddursa, ölkəmizin də orada iştirak etməməsi mümkün deyil. Bura da bir tribunadır, sözü demək mümkündür. Orada Azərbaycana münasibəti yaxşı olan Belarus, Qazaxıstan kimi dövlətlər də var. Onların imkanlarından istifadə edib, Qarabağ məsələsilə bağlı nüansları qaldıra bilərik. Açığı, MDB-dəki müzakirə və qərarların gələcəkdə hansısa effekt verəcəyini düşünmürəm”.
ELÇİN
www.yenicag.az