Media əhli oruc tutacaqmı? – Sorğuda ateistlər də iştirak edir
Qarşıdan müqəddəs Ramazan ayı gəlir. Bu müqəddəs ayda müsəlmanlar oruc tutmaqla nəfslərini sınağa çəkirlər. Bəs jurnalistlərimiz bu müqəddəs ayda oruc tutacaqlarmı?
Yenicag.az-ın sorğusundan maraqlı nüanslar ortaya çıxdı.
Elşad Paşasoy, “Yeni Müsavat” qəzeti: “Allah oruc tutanların orucunu qəbul etsin! Əvvəlki illərdə imkan dairəsində, iş rejimini və səhhətimi nəzərə alıb oruc tutmuşam. Bu il də qalıb qismətə və Allahın lütfünə”.
Hacıbəy Heydərli, AZXEBER.COM: “Ramazan ayı bütün müsəlmanların ən müqəddəs ayıdır və ilk növbədə bu ayın gəlişi münasibətilə hər kəsi təbrik edirəm. Oruc tutmağa gəlincə isə çalışacam ki, tutum”.
Fikrət Fəraməzoğlu, JAM.AZ: “Təbii ki, mən də inanclı insanam. Bir müddət dinimizin vacib əməllərindən biri olan oruc tutmuşam. Lakin son bir neçə ildə səhhətimdə yaranmış problemlərdən dolayı bu vacib əməli yerinə gətirə bilmirəm. Amma Allah imkan verərsə, inşallah, bu Ramazanda oruc tutmaq niyyətim var”.
Niyaz Niftiyev, AZADİNFORM.AZ: “Bəli, qismət olsa Ramazan ayında oruc tutmaq niyyətindəyəm. Son 6-7 ildir Ramazan ayını oruc oluram. Allah qismət eləsə bu Ramazan da oruc olmağı düşünürəm”.
İsmayıl İsmayılov, müstəqil jurnalist: “Uzun illərdir oruc tuturam. Hər il Ramazan ayının gəlişini səbirsizliklə gözləyirəm. Ən sevdiyim bayram da Ramazan bayramıdır, çünki ilk gündən sonacan prosesin daxilində oluram. Bu il oruc tutmaq asan olmayacaq, yaydır, obaşdan tez durmalı, iftarı isə axşam onun yarısı açmalısan. Qida və su qəbuluna cəmi 6-7 saat vaxt var. Bütün oruc tutanlara Allahdan səbir diləyirəm”.
Xalid Kazımlı, MUSAVAT.COM: “40 ilin ateistinə verilən suala bax”.
Əziz Əlibəyli, ATV.AZ: “İnanclılara sayğım var, özüm tutmasam da, tutanlar üçün uğur arzu edirəm”.
Sənan Nəcəfov, QHTXEBER.AZ: “Artıq 8 ildir əhli namazam.bu il də inşallah niyyətim var. Qismət olaxaqsa mütləq bu xoşbəxtliyi 1 ay yaşayacam”.
Vüsal Məmmədov, AZVİSİON.AZ: “Mən ateistəm. Ümid edirəm ki, yayda doyunca pivə içə biləcəyəm”.
Əvəz Zeynallı, XURAL.COM : “İndiyə qədər oruc tutmamışam. Ömrümün müəyyən zaman kəsiklərində, xüsusilə Türkiyədə təhsil aldığım illərdə oruc tutmaq istədim. Alınmadı. Azərbaycanda olduğum illərdə də çalışdım. Yenə alınmadı. Həbsxana illərində də çalışdım Oruc tutam. Olmadı. Amma bu il, bu Ramazanda oruc tutmaq niyyətindəyəm və inanıram ki, bu dəfə alınacaq. Bəli, oruc tutacağam”.
Kamran ƏDALƏTOĞLU
Yenicag.az