!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Media sektorunda kifayyət qədər gülənçi var”

!Reklam – Yazi

ub7tv7u4qQqIElçin Mirzəbəyli: “İndiki şəraitdə konkret olaraq ad çəkmək çətindir”

Proseslər göstərdi ki, bu cərəyan, bu hərəkat heç də özlərinin təqdim etdiyi kimi humanist islamın tərəfdarı deyil, radikal bir təşkilatdır

Hansı şəxslər ki, məqsədyönlü şəkildə Azərbaycan dövlətinin daxilində FETÖ adına müəyyən addımlar atmağa cəhd göstəriblər, onların fəaliyyəti aşkarlanacaq

Fətullahçı Terror Örgütünün (FETÖ) Türkiyədəki hərbi çevriliş cəhdi fətullahçıların Azərbaycan üçün də təhlükəli olması məsələsini gündəmə gətirib. Türkiyə olaylarından sonra Azərbaycan hökuməti də dövlət və qeyri-dövlət sektorlarına sızan fətullahçılar üzərində nəzarət tədbirlərini gücləndirib. “Gülən şəbəkəsi”nə məxsus olduğu iddia edilən “Qafqaz” Universitetinin bağlanılmasından sonra şəbəkənin Azərbaycanın digər bölmələrindəki bağlantıları araşdırılır.

Belə ki, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun sözlərinə görə, hazırda iş üzrə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir: “Azərbaycanda nurçu şəbəkəsinə hansı qurumların daxil olması ilə bağlı hələlik heç bir məlumat verilmir. Çünki hazırda istintaq gedir. Səbrli olmaq lazımdır. Bununla bağlı hər hansı bir yenilik olan kimi ictimaiyyətə məlumat veriləcək”.

Fətullahçılara qarşı mübarizəni dəyərləndirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini, politoloq Elçin Mirzəbəyli “Şərq”ə açıqlamasında 2000-ci ildən etibarən Fətullah Gülən tərəfdarlarının və digər dini təriqətçilərin Azərbaycan üçün böyük təhlükə olduğuna dair çıxışlar etdiyini deyib:

“Eyni zamanda Fətullah Gülən adamlarının Azərbaycan üçün nə qədər təhlükəli olduqlarını əks etdirən çoxlu sayda yazılar yazmışam. Azərbaycanda uzun müddət Fətullah Gülən şəbəkəsi mövcud olub və onlar hər zaman dövlətin nəzarətində olduqlarından Azərbaycanda Türkiyədəki qədər qol-qanad aça bilməyiblər. Bacardıqları qədər bu və ya digər strukturlarda yerləşməyə və öz əhatələrini genişləndirməyə müvəffəq olaraq Azərbaycanda milli düşüncə sahibi olan insanların fəaliyyətinə mane olmağa çalışıblar. Amma indiki şəraitdə Azərbaycan dövləti onun üçün təhlükəli olan fətullahçıların qarşılarının alınması üçün bütün addımları atıb. Yəqin ki, bu istiqamətdə araşdırmalar da davam etdirilir. Gülənçilərin Azərbaycan üçün real təhlükəyə çevriləcəkləri mümkün deyil. Onların təhlükəli addımlarının qarşısının alınması üçün müvafiq addımlar da atılır. Bu baxımdan FETÖ-nün Azərbaycan üçün təhlükə yaradacağını düşünmürəm. Bütün hallarda isə ehtiyatlı olmaq lazımdır. Gülənçilər, istərsə də ayrı-ayrı din üzərindən siyasət yürüdən qrupların fəaliyyətləri məhdudlaşdırılmalıdır”.

İstintaq araşdırmaları davam etdiyi üçün ad çəkməyin doğru olmadığını vurğulayan E.Mirzəbəylinin sözlərinə görə, media sektorunda da kifayət qədər FETÖ-çülər var:

“İndiki şəraitdə konkret olaraq ad çəkmək çətindir. Kimlərin həbs olunacağını söyləmək də hüquqi və məntiqi baxımdan düzgün deyil. İstintaqı qabaqlamaq olmaz. Hər şey istintaqın nəticəsində bəlli olacaq. Əsas odur ki, Azərbaycanın ictimai-siyasi həyatında, ayrı-ayrı sektorlarda Gülən tərəfdarları varsa da, onların əksər hissəsini neytrallaşdırıblar. Onların əvvəlki kimi Azərbaycandakı proseslərə təsir imkanları yoxdur. Proseslər göstərdi ki, bu cərəyan, bu hərəkat heç də özlərinin təqdim etdiyi kimi humanist islamın tərəfdarı deyil, radikal bir təşkilatdır. Məqsədi də ayrı-ayrı dövlətlərin aparıcı qurumlarında öz adamlarını yerləşdirməklə hakimiyyəti ələ keçirməkdir. Gülən hərəkatı faktiki olaraq, qarşısına siyasi məqsədlər qoyan terror təşkilatıdır. Zənnimcə, Gülən tərəfdarlarının heç də hamısı məhz FETÖ ilə əməkdaşlıq etmək məqsədi ilə bu addımı atmayıblar. Onların bir qismi sadəcə media sektorunda layihələr həyata keçirmək və gəlir əldə etmək niyyəti ilə bu təşkilata qoşulublar. Amma bir qrup insan məqsədyönlü şəkildə FETÖ ilə real əməkdaşlıq edib və bilavasitə həmin təşkilatın maraqlarına xidmət edib. Hesab edirəm ki, istintaqın gedişində bütün bunlar aşkara çıxarılacaq”.

Prosesin nə qədər davam edəcəyinə gəldikdə isə politoloq Azərbaycanın hüquq-mühafizə orqanlarının belə məsələlərdə kifayət qədər çevik hərəkət etdiklərini deyib: “Düşünmürəm ki, Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə açılan cinayət işi uzun müddətli vaxt aparsın. Hüquq-mühafizə orqanları gələcəkdə ölkəmizdə baş verəcək hər hansı bir hadisənin qarşısını almaq üçün indidən hərəkətə keçib. Yəqin ki, qısa zaman kəsiyində bu işlə bağlı kimlərin həbs edilib-edilməməsinə aydınlıq gətiriləcək. Hansı şəxslər ki, məqsədyönlü şəkildə Azərbaycan dövlətinin daxilində FETÖ adına müəyyən addımlar atmağa cəhd göstəriblər, onların fəaliyyəti aşkarlanacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək”.

BAXCP sədr müavininin sözlərinə görə, FETÖ-çülərin Türkiyədəki hərbi çevriliş planları baş tutsaydı belə, Gülən tərəfdarlarının Azərbaycanda aktivləşəcəyinə və dövlət üçün təhdid yaradacağı inandırıcı deyildi: “Düzdür, Türkiyədəki qiyam baş tutsa idi, bir sıra ölkələrlə yanaşı, Gülənin Azərbaycandakı tərəfdarları da öz istəklərini diktə etməyə çalışacaqdılar. Türkiyə dövləti özünün ənənəvi siyasətindən uzaqlaşacaqdı və fərqli bir siyasət yürüdəcəkdi. Bu isə artıq Azərbaycana zərbə vurulması demək idi. Azərbaycanda Gülən tərəfdarlarının sayı o qədər də çox deyil. Onlar ancaq bizə Türkiyə vasitəsi ilə təsir göstərə bilərdilər ki, çox şükür bunun da qarşısı uğurlu şəkildə alındı”.

//sherq.az

COP29

www.yenicag.az

998
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv