!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mehdiyev-İnsanov tandemi “islahat komandası”na qarşı

!Reklam – Yazi

Müxalif mediasında adı “boz kardinal” kimi hallanan Prezidentin icra aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevin son günlər mediada haqqında səslənən iddialara cavab verməsi bir qədər gözlənilməz oldu.

Onu indiki postu ilə ona görə xatırlamadıq ki, ölkənin ictimai həyatından az-çox xəbəri olan hər kəs AMEA prezidentliyinin Mehdiyev üçün sadəcə fiziki yerdəyişmə olduğunu bilir.

Ramiz Mehdiyevin uzun-uzadı sadəqət cümlələrinin arasında gözüm də, fikrim də bir cümlədə qaldı – o, açıq etiraf edir ki, gəncliyindən (yəni kommunist olduğu dönəmdən?) əqidəsinə sadiq qalıb. Bu cümləni 83 yaşın yorğunluğuna, yoxsa, “dil çaşar düzünü deyər”ə bağlamağı sizin öhdənizə buraxıram.

Onun siyasi partretində təzadlı bir məqam var – YAP iqtidarının dayaqlarını möhkəm saxlasa da onu həm köhnə, həm də yeni komandada qəbul etməyənlər olub və bu say getdikcə artmaqdadır. Fərq ondadır ki, daha eks-administrasiya rəhbərinin xəttindən çıxanları cəzalandırmaq üçün əvvəlki gücü yoxdur. O, bunu yalnız hüceyrəsinə kimi bələd olduğu siyasi fiqurlar arasında intriqa yaratmaqla edə bilər.

Haqqında səslənən iddiaların və onun iddialara cavablarının məzmunundan asılı olmayaraq ölkədə nə iqtidarın, nə müxalifətin, nə vətəndaşın razı olmadığı durumun əsas memarlarından biri Ramiz Mehdiyevdir. Ancaq o, hələ də hakimiyyətin vazkeçilməzidir. Belə olmasaydı, R.Mehdiyev Təhlükəsizlik Şurasının üzvü kimi saxlanmazdı. Yada salaq ki, Prezident yanında Təhlükəsizlik Şurasının üzvləri vəzifələrinə görə həmin postu tutularlar. AMEA prezidentliyi isə Təhlükəsizlik Şurasının üzvü olmaq üçün yetərsizdir. Yəni Ramiz Mehdiyev “sadəcə” Ramiz Mehdiyev olduğu üçün TŞ-da təmsil olunur. Çox mürəkkəb məsələdir…

İndi Azərbaycanda COVİD-19-un gücləndirdiyi sosial gərginlik yavaş-yavaş siyasi həyata keçir. Bu keçid özünü son 3-4 ildə güclənməkdə olan siyasi xəttin YAP-ı yaradan, lakin bu gün hakimiyyətdə təmsil olunmayan funksionerlər tərəfindən vurulmasında daha çox göstərir. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın birgə xətti sayılan yeni siyasi dəyişikliklər bəzi köhnə YAP-çıların düşüncəsinə görə hakimiyyətin monolitliyinə ziyan vurur. Mediada ara-sıra görünən köhnə komanda üzvləri belə bir fikri vurğulamağa çalışırlar ki, yeni xətt daha cəlbedici olsa da onun siyasi hakimiyyəti uzun müddət saxlaması mümkünsüzdür. Hələlik fikirlərini açıq ifadə etməsələr də yeni düzəndə idarəetmədən getdikcə sıxışdırıldıqları üçün incik və narazı olduqları hər hallarından bəllidir. Belə bir görüntü yaranır ki, bu qüvvələr tamamilə iqnor edilsələr, yeni xəttə qarşı bir zaman hakimiyyətdən vurularaq çıxdaş edilmiş şəxslərlə birləşə də bilərlər.

Bu kontekstdə 1 il öncə uzunmüddətli həbsdən çıxan və bir neçə ay öncə Haqq Ədalət Partiyasını yaradan keçmiş səhiyyə naziri hakim YAP-ın qurucularından Əli İnsanovun son çıxışları diqqət çəkir. Mediada fəallaşması, həm ölkə içərisinə, həm də kənara, konkret olaraq Qərbə ardıcıl mesajlar verməsi Əli İnsanovun siyasi ambisiyalarını həyata keçirmək üçün bütün gücünü səfərbər etdiyinin sübutudur.

12 il Azərbaycanda çalışan, bir neçə ay öncədən fəaliyyətini Vaşinqtonda davam etdirməyə başlayan Türkiyəli jurnalist İrfan Sapmaza müsahibəsində İnsanov ilk dəfə planlarının bir hissəsini açıqlayıb. Ölkədəki durumu siyasi böhran adlandıran İnsanov çıxış yolları üzrə konkret planı olduğunu dilə gətirir, ad çəkmədən bildirir ki, bir sıra müxalifət liderləri ilə, üzdə olan siyasi fiqurlarla artıq birgə mübarizə üçün anlaşma əldə edilib. İnsanov açıq şəkildə hakimiyyətə kolasiya təklif edir, koalisiyada siyasi səhnədə olan bütün qüvvələrin təmsilçiliyə haqqı olduğunu vurğulayır.

Həyat qəribəliklərlə və paradokslarla zəngindir… Bu gün siyasi çıxışlarında insan hüquq və azadlıqlarına istinad edən İnsanov vəzifədə olarkən bu hüquqları ən çox pozan məmurlardan olub. YAP Siyasi Şurasının üzvü kimi müxalifətin əzilməsi, siyasi institutların sıradan çıxarılması, vətəndaş cəmiyyətinin boğulması, klançılığın möhkəmləndirilməsi üzrə bütün naqisliklərin altında həm də onun imzası var. Nazir kimi korrupsiyanın çiçəklənməsi, baş həkimdən sanitara, sürücüyə qədər bütün səhiyyə sistemini insanlığın ən primitiv təfəkkür formalarından olan yerliçilik prinsipinə tabe etməsi İnsanovun Azərbaycan cəmiyyətinə vurduğu yaralardandır. Bu gün onu Qərbi azərbaycanlıların ağsaqqalı kimi təqdim edənlər olsa da o, atdığı addımlarla ən çox Qərbi azərbaycanlılara ziyan vurub – bu bölgədən olanları səbəbli-səbəbsiz irəli çəkməklə cəmiyyətdə onlara qarşı haqq etmədikləri qıcıq yaradıb.

Siyasətin və səhiyyənin keçmişində korrupsiyanı və klan hakimiyyətini çiçəkləndirən biri kimi qalan Əli İnsanovu cəmiyyətin demokrat modunda qəbul etməsi asan olmayacaq. Ancaq siyasi təmkini və çoxgedişli planları onu yaxın gələcəkdə bir sıra qüvvələr üçün çəkici edə bilər. Xüsusən, yuxarıda haqqında danışdığımız indi dışlanan YAP-çı və YAP-a bağlı qüvvələr üçün. Yeni xətt onları zərərsizləşdirə bilməsə, sözsüz ki, başağrısına çevrilmə ehtimalları az deyil. Bunun üçün iqtidarın ən ciddi tutarqası keçmiş səhiyyə nazirinin HƏP-i də yerliçilik prinsipi ilə qurmasıdır. Yəni adam ilk “həpçi”si ilə əski düşüncəsindən vaz keçmədiyini ortaya qoyub.

Ənənəvi müxalifət-Əli İnsanov münasibətlərinə gəlincə, bu məsələ də hakimiyyətin keçmiş və yeni ortaqlarının ilişkiləri qədər mürəkkəbdir. Siyasi hədəfləri, ideolojilər az qala eyni olan güclərin belə bir araya gələ bilməməsi, ardı-arası kəsilməyən qarşılıqlı ittihamlar, siyasi meydana yeni gələnlərə qarşı “dedovşina” düşüncəsinin sərgilənməsi, sosial media üzərindən bir-birini linç etmələr ənənəvi müxalifətin yaratdığı genəl mənzərədir və bu mənzərə narazı elektoratın müxalifətə dəstək verməməsinin əsas səbəblərindəndir. Vətəndaş hakimiyyətin siyasətini yumşaltmaq üçün cəmiyyətin gücünü səfərbər etmək yerinə bütün enerjisini bir-birini didməyə, söyməyə sərf edən müxalifətlə ölkədə ciddi dəyişiklik olacağına inanmır. Bu səbəbdən hakimiyyətin islahat adlandırdığı təşəbbüslərə müxalifətin aparacağı prosesdən daha çox ümid bağlayır.

Bir haşiyəyə çıxaraq deyək ki, müxalifət liderlərinin tez-tez göründüyü internet müzakirələrinə kütləvi baxış heç kəsi aldatmasın. Müxalifət mitinq çağırışı etsə, izləyicilərin 90 faizi aksiyaya da elə smartfondan baxacaq.

İnsanov həbsdən azad edildikdən az sonra Müsavat Partiyasının qərargahında düzənlənən Dəyirmi Masanı xatırlayırsınız, yəqin. Dəyirmi Masa ortaq müzakirə meydanı anlamı daşısa da o masanın çevrəsində əyləşən siyasi liderlərin heç birinin nə bədən dili, nə ritorikası müzakirəyə hazır olduğunu göstərmirdi. Xəfifə almayən… bədən dili siyasətdə çox vacibdir. Ona görə də bu gün İnsanovun “artıq üzdə olan siyasətçilərlə birgə fəaliyyət üçün anlaşmışıq” deməsi bir qədər şişirdilmiş iddia kimi görünür.

Bəlkə də yazdıqlarımız “köhnələr” təsirsizdir, “yenilər” zəifdir, müxalifət dağınıqdır ovqatı yarada bilər, ancaq qətiyyən sabahın qaranlıq və ümidsiz olacağı fikrində deyilik. Siyasi tarixinin bütün gərgin dönəmlərində Azərbaycan sübut edib ki, toplum olaraq potensialı tükənməzdir. Cəmiyyət öz gücünü səfərbər etsə biz Azərbaycanın korrupsiya və rüşvət burulğanında çabaladığı dönəmlə bağlarımızı tamamilə kəsib yeni düzən qura bilərik. Artıq bütün potensialını xərcləmiş, siyasi kimliyi, şəxsiyyəti, pul və mənsəb qarşısında hansı qanunsuzluqlara gedə biləcəyi, eyni zamanda bağlı olduğu qüvvələr ovuc içi kimi aydın şəxslərdən yeni Azərbaycan gözləmək inəyin qara kürü verəcəyi qədər absurddur.

Azərbaycanın siyasi hakimiyyəti bütünlükdə cəmiyyəti köhnələrin qazdığı quyuya düşməkdən xilas etmək istəyirsə, siyasi proseslərdə kirlənməmiş, son 20 ilini professional kimliyini gəlişdirməyə xərcləmiş, Azərbaycan dövlətinə, milli düşüncəyə bağlı, ölkənin nicatını cəmiyyətin potensialını dirçəltməkdə görən şəxsləri komandasına cəlb etməlidir. İdarəetmə birdəfəlik qəbul etməlidir ki, Şəmsəddin Xanbabayevdən sonra onun kürəkənini icra başçısı qoymağı heç bir sağlam düşüncə islahat kimi qəbul etməyəcək və hakimiyyətin atdığı müsbət addımlar belə yanlışlıqların badına gedəcək. Məgər Azərbaycanda siyasi hakimiyyəti dəstəkləyən professionallar yalnız hakimiyyətdə təmsil olunanların ailələrində yetişib? Bu qüsurlu yanaşma vətəndaşın gözündə hakimiyyətin islaholunmaz obrazını yaradır və ona olan-qalan etibarı məhv edir.

Tənqidlərlə yanaşı onu da vurğulamaq vacibdir ki, ara-sıra siyasi institutların dirçəldilməsi üzrə addımlar da gözə dəyir. Prezident Administrasiyasının siyasətçilərlə birbaşa təmasları, uzun illər qeydiyyata alınmayan partiyaların rəsmiləşdirilməsi sözsüz ki, müsbət tendensiyadır. Ancaq bu proses siyasətlə məhdudlaşdırılmamalı, miqyası genişləndirilməlidir. Müxtəlif sahələr üzrə professionalların informasiya bazasının yaradılması siyasi hakimiyyətin prioritetinə çevrilsə, qazanan Azərbaycan olacaq. Müxalif düşüncəli iqtisadçının bu gün dərinləşən iqtisadi böhrana qarşı proqramından faydalanmaq yerinə, müəllifi tənqidçi mövqedə olduğu üçün görməzdən gəlmək nəinki praqmatik yanaşma deyil, çox primitiv təfəkkürdür.

Toplum hüquq sistemini siyasi hakimiyyətin cəza maşını olmaqdan xilas edən bütün addımları alqışla qarşıladı, İTV-nin 3D formatında efirə çıxardığı “Dadaşlinski”si açıq söhbət, sağlam tənqidi ilə telekanallardan üz döndərən minlərlə seyrçini efirə kilidlədi, qara mühasibatlıqların ləğvi, vergi sisteminin sadələşdirilməsi üzrə qərarlar iqtisadiyyatda müsbət tendensiyalar yaratdı. Davamı mütləq olmalıdır…

Qətiyyən unutmamalıyıq – iç siyasətdə düzən yaradılmayana qədər kənar qüvvələrin poliqonu olmaqdan yaxa qurtara bilməyəcəyik.

Aygün Muradxanlı

www.yenicag.az

1078
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv