Avqustun 21-də Məhərrəmlik ayı başlayır. Bundan öncəki illərdə Azərbaycanda Məhərrəmlik ayında dini ayinlər kütləvi formada, hər hansı bir müdaxilə və ya mədudiyyətlər olmadan keçirilib. Lakin bu ilin əvvəlində dünyada yayılan COVİD-19 virusu məktəbləri bağlanması, toy, ad günü, nişan və yas mərasimlərinin keçirilməsinin təxirə salınmasına səbəb olub. Koronavirusun geniş yayılmaması, bu xəstəliyə görə ölən insanların sayının artmaması üçün qapalı məkan olan və insanların kütləvi toplaşdığı məscidlərin də fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Bəs bu il Məhərrəmlik ayında dini ayinlər necə yerinə yetiriləcək?
Yenicag.az xəbər verir ki, “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi Hacı Şahin Həsənli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, inanclı insanların məscidlərin açılması ilə bağlı arzusu başa düşüləndir:
“İnsanlar ibadətlərini məscidlərdə etmək istəyir, bu elə bizim də arzumuzdur. Həmin günü çox səbirsizliklə gözləyirik. Bu məsələlər Qafqaz Müsəlmanları İdarəsi və müvafiq dövlət qurumları ilə mütəmadi olaraq müzakirə olunur. Bizim də din xadimləri kimi fikirlərimiz öyrənilir, təkliflərimizi veririk. İndiki şəraitdə qapalı məkanda kütləvi tədbir keçirmək mümkün görünmür. Bunu təmin etmək çox çətindir. Heç bir icma məsuliyyəti öz üzərinə götürə bilmir. Çünki Məhərrəmlik ayında məscidlərə həddindən artıq böyük kütlə gəlir. Bu kütləvilikdə qaydalara riayət etməyi hər hansı din xadimi də öz üzərinə götürə bilmir. Məhərəmlikdə məscidlərin açılması müzakirə olunub, amma nəticəyə gəlinməyib. Çünki virusun kütləvi yayılması təhlükəsi böyükdür. Məsciddə insanlar kütləvi toplaşsa, bu, yoluxmanın sayının artmasına gətirib çıxara bilər. Bu təkcə Azərbaycanda belə deyil. Hətta Kərbəla kimi bir ziyarətgahda da Aşura gününə qədər mərasimlərin keçirilməməsi haqda danışır. Görkəmli din xadimləri, din alimləri vurğulayır ki, burada insan sağlamlığına xüsusi önəm verilməlidir. Bu məclislər yoluxma sayının artmasına gətirib çıxararsa, bu ciddi məsuliyyət yaradır. Alternativ variantlar axtarılır, Ramazan ayında və Qurban bayramında internet üzərindən xütbələr oxundu və yayımlandı. Bu dəfə də din xadimləri canlı yayımda çıxış edib Məhərrəmliklə bağlı, ayinlərlə bağlı insanları məlumatlandıra bilər”.
www.yenicag.az