Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə “Bərabər hüquqlar – Bərabər imkanlar” layihəsi çərçivəsində ictimai müzakirə keçirilib.
Yeniçağ.az xəbər verir ki, tədbirin məqsədi məişət zorakılığına səbəb olan halların aradan qaldırılması, ailədaxili münaqişələrdə mülkiyyət məsələlərinin tənzimlənməsidir. Həmçinin digər səbəb məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi və bu sahədə gənclərin maarifləndirilməsidir. Müzakirələrdə Ombudsman Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Nazirliklərin, Beynəlxalq Təşkilatların, Rayon İcra hakimiyyətlərinin, Polis İdarələrinin, QHT-lərin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova məişət zorakılığına məruz qalanlara köməklik göstərilməsinin yollarından danışıb:
“Məişət zorakılığına məruz qalanlara hüquqi yardımın göstərilməsi üçün şəbəkə yaradılmalıdır”.
DİN-in nümayəndəsi general-polkovnik Adıgözəl Adıgözəlov da tədbirdə çıxış edib:
“Məişət zorakılıqları ilə bağlı Daxili İşlər Nazirliyinə olan müraciətlərə baxılır, zorakılıq qurbanları üçün təşkil edilən sığınacaqlarda, ucqar ərazilərdə QHT və dövlət orqanlarının iştirakı ilə maarifləndirmə işləri görülür”.
Hüquqşünas Günel Aslan isə bu sahədə geniş maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyini vurğulayıb.
Tədbirdə psixoloq Fəxriyyə Məmmədova da çıxış edib. Onun sözlərinə görə, cəmiyyətdə baş verən bu problemlərin əsas səbəbləri hüquqları və vəzifələri bilməməkdən irəli gəlir:
“Məncə, ən əsası zorakılıq qurbanlarına psixoloji yardımın göstərilməsidir”.
QHT sədri Mehriban Zeynalova isə məişət zorakılıqlarının qarşısının alınmasının fərqli mexanizmləri barədə danışıb.
Bundan əlavə Ombudsman Aparatının nümayəndəsi Müqavil Mahmudov təkliflər irəli sürüb, müxtəlif sahələrdən olan ekspertlər də mövzu ilə bağlı statistik məlumatları müzakirə ediblər.
Yeniçağ.az
www.yenicag.az