“Bir çox hallarda guya övladları ilə əlaqə saxlamaq, onların məktəbdən çıxaraq, repititor yanına getməsini müşahidə etmək kimi hallar üçün məktəbə mobil telefon gətirilməsinə məhz valideynlər özləri şərait yaradır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında şagirdlərin məktəbə telefon gətirməsinin qadağan edilməsinin vacibliyi haqda danışan təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.
Onun sözlərinə görə, şagirdlərin məktəbə telefon gətirməsi ümumilikdə həm məktəbin nizam-intizam qaydalarının pozulmasına gətirib çıxarır, həm də tədris prosesinin təşkilinə də çox ciddi maneələr yaradır:
“Zaman-zaman məktəbdə nizam-intizam qaydalarının pozulması ilə bağlı şagirdlər bilərəkdən bu qaydaları pozur, videoya çəkir və bunu müxtəlif sosial şəbəkələrdə paylaşırlar. Bu, ümumilikdə məktəbin nüfuzuna, ümumiyyətlə, təhsilin nüfuzuna mənfi təsir göstərir. Çox təəssüf ki şagirdlər yuxarı sinfə keçdikcə valideynlər onların daha çox təhsilinə diqqət yetirməkdənsə, onlara bahalı və genişfunksiyalı telefon alıb verirlər. Təəssüflər olsun ki, ağıllı telefonlarda olan valideyn nəzarəti funksiyasından onlar istifadə etmirlər. Düşünürəm ki, bu barədə məktəblərdə valideynlər üçün iclaslar və maarifləndirici tədbirlər görülməlidir. Məktəbin ali idarəetmə orqanı pedaqoji şuralardır. Pedaqoji şuralar qərar qəbul edər bilər ki, tədris ili boyunca məktəbə mobil telefonların gətirilməsi qadağan olunsun. Bir çox hallarda guya övladları ilə əlaqə saxlamaq, onların məktəbdən çıxaraq repititor yanına getməsini müşahidə etmək kimi hallar üçün məktəbə mobil telefon gətirilməsinə məhz valideynlər özləri şərait yaradır”.
E.Qafarov qeyd edib ki, Yaponiyada şagird hələ 1-ci sinfə gedərkən və tədris ili başlamazdan əvvəl valideyn tərəfindən övladının evdən məktəbə getməsi və geri qayıtması qaydaları öyrədilir:
“Ümumiyyətlə, dünyanın bütün inkişaf etmiş və etməkdə olan ölkələrində məktəbə telefon gətirmək qadağandır. Bu məsələ ümumtəhsil məktəblərinin nizamnaməsində də özünü tapmalıdır. Amma çox təəssüf ki, bizim ümumtəhsil məktəblərinin fərdi nizamnamələri yoxdur. Belə olan halda, pedaqoji şura qərar qəbul edə bilər. Telefon gətirilməsi məktəb rəhbərinin özündən asılıdır. Burada təkcə şagirdlər deyil, tədris prosesi zamanı xüsusi ehtiyac yaranmadıqda müəllimlərin və işçilərində mobil telefondan istifadə olunması ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır. Lakin problemin hüquqi müstəviyə minməsi üçün məktəblərin fərdi nizamnaməsi olmalı və onun tələblərinə əməl edilməlidir”.
İsmayıl Bakuvi
www.yenicag.az