Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə 6-cı sinif şagirdlərinin gözyaşardıcı qazdan istifadəsi nəticəsində 12 uşaq zəhərlənib. Bu da orta təhsil müəssisələrində mühafizə və nəzarətin zəif olduğu faktını ortaya qoyur.
Təhsil üzrə ekspert Məlahət Mürşidqızı Yenicag.az-a açıqlamasında məsələni belə şərh edib:
“Burada əsas məsələ hüquq-mühafizə orqanlarının üzərinə düşür. Bibər qazı şagirddə haradandır? Bəlkə uşağı küçədə kimsə aldadaraq bibər qazını verib? Şagird bunu oyuncaq kimi qəbul edib? Bilərəkdən, yaxud da bilməyərəkdən istifadə edib? Hər halda 6-cı sinif şagirdi tam yetkin yaşına çatmayan uşaqdır. Bəlkə hansısa terrorçu uşaqdan istifadə edərək öz çirkin niyyətini məktəbdə həyata keçirmək istəyib. Bütün bunlar araşdırılmalıdır. Hər bir şagirdin çantasının mühafizəçi və məktəb direktoru tərəfindən açılıb yoxlanması mümkün deyil”.
“Sabah-birigün çantaya qumbara da qoyula bilər. Şagird məktəbdə qumbara partladar”, -deyən ekspert həyəcan təbili çalıb: “Uşaqlar arasında maarifləndirmə işi aparılmalıdır. Onlara başa salınmalıdır ki, küçədə tanımadığınız insanlar nə verdi almayın, onu məktəbə gətirməyin. Eyni zamanda bu cür halların qarşısının alınması üçün standart bir forma var. Məktəbdə mühafizə gücləndirilməlidir. Xüsusən də, tənəffüz zamanı dəhlizlərdə növbətçi müəllimlər olmalıdır. Onlar bu zaman şagirdlərin davranışına nəzarət etməlidir. Əks halda, daha ağır nəticələrin şahidi ola bilərik”.
Cəvahir
www.yenicag.az