Azərbaycanda məktəbli formalarının yeni qiymətləri müəyyənləşib.
Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov məlumat verib.
Onun sözlərinə görə, ötən ilə nisbətən köynək, şalvar və ətəklər ümumilikdə 20 faiz ucuzlaşıb.
E.Əzimov bildirib ki, şalvar və ətəklər 25 manatdan 20 manata, köynəklər 15 manatdan 12 manata endirilib.
Şöbə müdiri vurğulayıb ki, jaketin qiymətində isə dəyişiklik edilməyib. Onun sözlərinə görə, buna səbəb jaketin Türkiyədən idxal olunmasıdır. Odur ki, jaketlərin qiyməti 30 manat olaraq qalır.
BTE-nin rəsmisi paytaxtda doqquz, Abşeron rayonunun Xırdalan şəhərində bir və Sumqayıt şəhərində bir mağazanın fəaliyyət göstərdiyini xatırladıb.
E.Əzimov bundan əlavə, Masallı, Lənkəran, Quba, Şamaxı, Qəbələ və İsmayıllıda da satışların həyata keçirildiyini qeyd edib.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəblər üçün forma dörd rəngdə nəzərdə tutulub.
Oğlanlar üçün şalvar – rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir.
Qızlar üçün ətək – rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir.
Qızlar üçün şalvar – rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, 4 poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir.
Qısaqol köynək – rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir.
Uzunqol köynək – rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir.
Önü bağlanılan cibli jaket – rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.
www.yenicag.az