2014-cü ilin avqustu idi. Azərbaycan futbolu tarixində ilkə imza atan “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevlə müsahibə etmək üçün klubun bazasına yollanmışdım. Otağın qapısını döysəm də, “gəlin” deyən olmadı. Bu vaxt xadimə dedi ki, “müəllim otağındadır, keçin içəri, sizi görəcək”.
Otağa daxil olanda Hacıyev məşğul idi. O vaxt Avropa Liqasının pley-off mərhələsində rəqibləri olan “Partizan”ın oyununa baxıb, özü üçün qeydlər aparırdı. İşini yarımçıq dayandırdı, söhbətə başladıq.
Düzü, onunla görüşə gedəndə qeyd dəftərimə heç bir sual yazmamışdım. Çünki o, elə bir müsahib idi ki, verdiyi cavabları ilə suallar muncuq kimi düzülürdü…
Yaxşı yadımdadır, 2 saatdan çox çəkən söhbətimiz zamanı o qədər maraqlı sitatlar işlətdi ki…
Onlardan biri də bu gün tanış olduğu ölümlə bağlı idi…
Soruşdum ki, “hər zaman məşhur futbol simalarından sitat gətirirsiz, bəs Böyükağa Hacıyevin sitatı nədir?”
Cavabı düşündürücü oldu:
“Onda siz Hacıyevin “Min kəlamı”nı oxumamısınız. Böyükağa Hacıyev deyir ki, “məni həyatda öldürmək asandır, sındırmaq çətin”. Ölə bilərəm, ancaq məni sındırmaq üçün gərək mən olasan. Bir belə təzyiqlərin qarşısında Böyükağa Hacıyev dayanıbsa, bu, böyük işdir. Mənim verdiyim nəticələri hansı xarici məşqçi versəydi, indi klubun qarşısında onun heykəlini qoymuşdular. Mənim üçün nə ediblər? Ancaq mətbuatın hücumlarını gözləyir, onları necə dəf etməyi düşünürəm. Niyə? Çünki sözümü birbaşa deyirəm”.
Allah bilir, bu gün Əzrayılla danışanda nələr dedi…
Emin Səfərov
www.yenicag.az