“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının təmsilçiləri – hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Koalisiyanın eksperti – sosioloq, professor Əhməd Qəşəmoğlu prezidentliyə namizəd Zahid Orucla görüşüblər.
Koalisiyanın yaydığı bilgidə deyilir ki, görüşdə seçki prosesi haqqında geniş fikir mübadiləsi aparılıb. Zahid Oruc komandasının seçkiyə hazırlığından danışarkən bildirib ki, 7 fevral seçkisi özlüyündə sürətli keçsə də cəmiyyətin reaksiyasını adekvat qiymətləndirir. Onun sözlərinə görə, qlobal proseslər fonunda baş tutacaq seçkinin Azərbaycan tarixində son dərəcə önəmli yer tutacağı şəksizdir və komandası prosesin uğurla davam etməsi üçün bacardığını edir.
Koalisiya üzvləri isə “Mənim səsim”in gördüyü və görəcəyi işlərdən danışıblar. Novella Cəfəroğlu bildirib ki, beynəlxalq qurumların Azərbaycana ikili standartlarla yanaşması davam edərkən Azərbaycan mükəmməl bir seçki keçirərək uzun vədə üçün strateji xəttini müəyyən etməlidir. Bunun üçün də 7 fevral seçkisinin qüsursuz və bütün beynəlxalq normalara uyğun, azad və şəffaf keçirilməsi vacibdir. Onun sözlərinə görə, bu, gələcəkdə Azərbaycana qarşı irəli sürülməsi ehtimal olunan iddiaların aradan qaldırılmasına imkan yaradar.
Professor Əhməd Qəşəmoğlu seçki prosesinin təkmilləşdirilməsinin, elmi yanaşmaların Azərbaycan dövlətçilik ənənələrinin möhkəmlənməsi baxımından önəmindən danışıb. Onun sözlərinə görə, suverenliyini bütün tanınan ərazilərində bərpa edən ölkənin seçki prosesi ilə idarəetməni yeniləməsinin başlanğıc nöqtəsi kimi prezident seçkisi son dərəcə vacib siyasi addımdır. Professor onu da vurğulayıb ki, seçkidə iştirak edəcək namizədlərdən alınan dəyərləndirmələr, seçki günü ölkə üzrə seçki dairələrinin təxminən yarısından çoxunda aparılacaq müşahidələr “Mənim səsim”ə seçki prosesi haqqında dolğun bilgi əldə etmək imkanı verəcək ki, seçkidən sonra bütün proses kitab halında detallı şəkildə topluma təqdim olunacaq.
www.yenicag.az