“İndiki vəziyyətdə ictimaiyyət nümayəndələrinin Keşikçidağa yürüşünə ehtiyac görmürəm”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın ictimaiyyət nümayəndələrinin Keşikçidağa cavab yürüşünün təşkil olunması məsələsinə münasibət bildirən millət vəkili Fəzail Ağamalı deyib.
Fəzail Ağamalının fikrincə, yaranmış gərginlik iki ölkənin rəsmi qurumlarının iştirakı ilə müzakirə və həll edilməlidir:
“Mən bu məsələlərin gərginləşdirilməsinin tərəfdarı deyiləm. Hesab edirəm ki, Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri görüşərək, yaranmış problemi birdəfəlik aradan qaldırmalıdırlar.
Gürcülərin Keşikçidağa yürüşünə gəldikdə isə məncə, biz onların hər addımını təkrarlamalı deyilik. Ancaq Gürcüstan da bu məqamları nəzərə almalıdır. Hazırda Gürcüstan parlamentinin deputatları Bakıya gəliblər, yəqin ki onlarla danışıqlar aparılacaq.
Gürcüstanın ictimai-siyasi qüvvələri, xadimləri məsuliyyətlə davranmalıdırlar. Bilməlidirlər ki, Azərbaycan gürcülərin istənilən addımına adekvat cavab vermək imkanındadır. O baxımdan, indiki vəziyyətdə ictimaiyyət nümayəndələrinin Keşikçidağa yürüşünə ehtiyac görmürəm. Məsələ rəsmi qurumların iştirakı ilə həll olunmalıdır”.
A.Zeynalov
www.yenicag.az