Məşhur opera müğənnisi Qarabağa səfər edib
Məşhur ispan opera müğənnisi Monserrat Kabalye oktyabrın 12-də yenidən Dağlıq Qarabağa qanunsuz səfər edib.
Opera ifaçısı oktyabrın 14-də işğal altındakı Xankəndi şəhərində konsert proqramı ilə çıxış edəcək. İspan müğənninin konserti Dağlıq Qarabağ müharibəsində atəşkəsin elan olunmasının 20 illiyinə həsr olunacaq. Onun səfər zamanı Dağliq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşü də nəzərə tutulub.
Monserrat Kabalye ilk dəfə 2013-cü ilin iyununda Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini qanunsuz ziyarət edib. O, səfər zamanı “Ermənistan, Artsax: xristianlıq adası” adlı albomunu təqdim edib. Həmin səfərə görə ispan opera müğənnisi Azərbaycan Xarici İşlər Nazilriyinin “arzuolunmaz şəxslər” siyahısına da daxil edilib.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan bir müddət öncə Monserrat Kabalyenin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün çətinliklərlə üzləşdiyini bildirərək müğənnini bu addımına görə Ermənistanın ali mükafatı olan “Şərəf” medalı ilə təltif edib.
Dağlıq Qarabağa səfəri ilə Azərbaycanda böyük narazılığa səbəb olan Kabalye Sərkisyana bundan sonra da Ermənistana səfərlərini davam etdirəcəyini demişdi.
Azərbaycanın İspaniyadakı səfirliyi Monserrat Kabalyenin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar ötən il iyunun 5-də İspaniya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.
Xatırladaq ki, Monserrat Kabalye 2004-cü il noyabrın 4-də Bakıya da gəlmiş, Opera və Balet Teatrında konsert vermişdi.