Metronun yeni stansiyalarında əlillər üçün sarı zolaqlar çəkiləcək
“Metronun “Elmlər Akademiyası”, “20 Yanvar”, “İnşaatçılar” stansiyalarında əlillər üçün mövcud olan sarı zolaqlar yenilənəcək, digər stansiyalarda da bu cür zolaqlar çəkiləcək”.
Bu sözləri Yenicag.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
O, bildirib ki, fiziki məhdudiyyətli şəxslərin metrodan tam rahat istifadə edə bilməsi üçün müəyyən işlər aparılır:
“Bakı Metropoliteninin təmir olunacaq və gələcəkdə tikiləcək yeni stansiyalarında liftlərin quraşdırılması nəzərdə tutulur. Hazırda bu liftlər metronun “Memar Əcəmi” və “Avtovağzal” stansiyalarında mövcuddur. Bir qurum olaraq, fiziki məhdudiyyətli şəxslərin rahatlığı və metrodan sərbəst şəkildə istifadə etməsi üçün əlimizdən gələni edirik”.
Elvin Paşazadə
www.yenicag.az