MI6-Mossad tandeminin İran TAMAŞASI – MAQATE daxilində yuvalanmış agent KİM İDİ?
Gün üzünə çıxan yeni sənədlər Böyük Britaniyanın xarici kəşfiyyat xidməti MI6-ya bağlı yüksək rütbəli agentin – Nikolas Lanqmanın illərlə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) daxilində fəaliyyət göstərdiyini üzə çıxarıb. Sızdırılmış məlumatlara görə, bu agenturanın İrana qarşı iqtisadi sanksiyaların qurulmasında və İranlı nüvə alimlərinə qarşı həyata keçirilən sui-qəsdlərin zəmininin yaradılmasında birbaşa rolu olub.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” nəşrinin analitik məqaləsində qeyd olunub.
Sənədlərdə qeyd olunur ki, MI6 agenti Nikolas Lanqman 2010-2012-ci illər arasında İranın nüvə proqramına qarşı beynəlxalq tədbirlərin koordinasiyasını öz üzərinə götürüb. Bu müddətdə o, ABŞ, Avropa İttifaqı və Asiyanın müxtəlif regionlarındakı partnyorlarla sıx əməkdaşlıq edib. Onun MAQATE daxilindəki fəaliyyəti “kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq”, “İrana qarşı yüksək səviyyəli diplomatik təzyiqləri formalaşdırmaq” və “nüfuzlu beynəlxalq institutlar vasitəsilə strateji planlamanı həyata keçirmək” kimi vəzifələrlə xarakterizə olunub.
MAQATE-nın neytrallığına zərbə
Sənədlər MI6 ilə MAQATE arasında mövcud olan əməkdaşlığın və bu əlaqələrin İsrailin İranlı alimlərə qarşı həyata keçirdiyi sui-qəsdlərlə əlaqəsini də ortaya qoyur. 2024-cü ilin iyun ayında yayımlanan MAQATE hesabatında İranın Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması haqqında Müqaviləni pozduğu iddia olunduqdan bir gün sonra İsrailin həyata keçirdiyi hava hücumunda 9 iranlı nüvə alimi və yüzlərlə mülki şəxs həlak olub. Bundan sonra Tehran MAQATE ilə əməkdaşlığı dayandırdığını açıqlayıb.
İranın qəzəbi və Mossad-MI6 tandemi
Lanqmanın 2010-2012-ci illərdəki fəaliyyətləri İrana qarşı tətbiq olunan BMT, ABŞ və Aİ sanksiyalarının əsas memarlarından biri olduğunu sübut edir. Sızan MI6 sənədlərinə əsasən, o, MAQATE vasitəsilə İrana qarşı yönəlmiş informasiyalar hazırlayıb, İranın nüvə potensialını şişirdən məruzələrlə beynəlxalq ictimaiyyətə təsir göstərməyə çalışıb. Bu proseslərdə İsrailin Mossad xidməti ilə birgə fəaliyyət göstərdiyi də sənədlərdə qeyd olunur.
Fahrizadənin ölümü və MI6 izləri
Lanqmanın hesabatlarında birbaşa hədəf göstərilən İranlı alimlərdən biri, ölkənin nüvə proqramının əsas simalarından olan Mühsin Fahrizadə 2020-ci ildə silahlı hücum nəticəsində qətlə yetirilib. Tehran bu hücumda İsraili məsuliyyətli saydığını bəyan edib.
Qlobal narahatlıq və MI6-nın izi
Böyük Britaniya hökumətinin Lanqmanın adı və fotolarının ictimai mediada yayılmasına qadağa qoyduğu da məlum olub. Onun adının daha əvvəl Pakistanda 28 pakistanlının oğurlanması və işgəncəyə məruz qalması ilə bağlı hadisələrdə də hallandığı bildirilir.
Digər tərəfdən, son zamanlar MAQATE-nın baş direktoru Rafael Qrossinin İsrail ilə yaxın münasibətləri, bu agentliyin İranda apardığı yoxlamalar nəticəsində əldə olunan məlumatların Tel-Əvivə ötürülməsi və sui-qəsdlərin bu bilgilərə əsasən planlaşdırılması iddiaları Rusiya, Çin və İran tərəfindən açıq şəkildə səsləndirilməkdədir.
Rafi Müslümov