Milli Ədəbiyyat Mükafatı və Milli Ədəbiyyat Fondun təsis olunmalıdır - Deputat Elnarə Akimova
Bu gün Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı deputat, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova ölkənin ədəbi-mədəni həyatına yönəlik önəmli təkliflə çıxış edib.
Millət vəkili ədəbiyyat sahəsində sistemli inkişafın təmin olunması və Azərbaycan yazıçılarının dünyaya tanıdılması məqsədilə “Milli Ədəbiyyat Fondu”nun və “Milli Ədəbiyyat Mükafatı”nın təsis olunmasını təklif edib.
Elnarə Akimova bildirib ki, bu gün Azərbaycan ədəbiyyatı istedadlı müəlliflərə malik olsa da, onların əsərlərinin beynəlxalq səviyyədə yayılması üçün mexanizmlər yetərli deyil:
“Biz siyasətdə sözümüzü demişik, idmanda beynəlxalq arenalarda tanınmışıq, amma ədəbiyyat sahəsində hələ o fəthi qazana bilməmişik. Halbuki, bu gün Azərbaycanda yazıçı problemi yoxdur. Yazıçılarımızın dünyaya çıxmamağının səbəbi əsərlərin zəifliyi deyil, çıxmaq metodlarının olmamasıdır.”
Deputat bu kontekstdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən TEDA layihəsini misal göstərərək vurğulayıb ki, oxşar modelin Azərbaycanda da tətbiqi ədəbiyyatımızın dünya miqyasında tanıdılmasına ciddi təkan verərdi:
“Türkiyədə TEDA layihəsi artıq 20 ildir fəaliyyət göstərir və türk yazıçılarını beynəlxalq kitab bazarlarına çıxarır. Bizdə də belə bir layihə gerçəkləşsə, Azərbaycan ədəbiyyatının dünya dövriyyəsində iştirakı mümkün olar. Biz artıq güclü dövlətik və həqiqətlərimizi bədii söz vasitəsilə dünyaya çatdırmaq üçün sərmayə qoymaqdan çəkinməməliyik.”












