Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib.
Yenicag.az bəyanatın mətnini təqdim edir:
“Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ilin sentyabr – noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin müstəsna əhəmiyyətli hadisələrindən biridir. Döyüş meydanında Ermənistan Silahlı Qüvvələrinin darmadağın edilməsi, 30 ilə yaxın işğal altında saxlanılan Azərbaycan torpaqlarının əsarətdən qurtarılması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnmiş tarixi qələbə xalqımızın bəzən açıq, bəzən də gizli şəkildə ona qəbul etdirməyə çalışdıqları ədalətsizliklə barışmadığını, həyati milli maraqlarını qorumaq üçün hər bir fədakarlığa hazır olduğunu nümayiş etdirdi.
Son iki yüz ilə yaxın dövrdə davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulması Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrünün başlanmasına təkan vermişdir. Yenilməz sərkərdəsinin və uzaqgörən liderinin rəhbərliyi ilə möhtəşəm qələbəni əldə edən xalqımız bundan belə heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə bəyan etmişdir.
Təəssüf ki, Zəfərə gedən yol xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəlmişdir. On minlərcə azərbaycanlı qətlə yetirilmiş, yaralanmış və şikəst edilmiş, kütləvi etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və köçkünlük həyatı yaşamağa məhkum edilmişdir. Hələ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bu günədək məlum deyildir.
Həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin gedişində düşmən beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq hərbi qulluqçulara və dinc əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri, o cümlədən soyqırımı və dövlət terrorizmi aktları törətmişdir. İşğal olunmuş ərazidə erməni vandalları bütün şəhər və kəndlərimizi qarət etmiş, dağıtmış və yandırmış, milli-mədəni və tarixi irsimizi xüsusi qəddarlıqla məhv etmişlər. İşğal bölgəsində mövcud olmuş 67 məsciddən 65-nin dağıdılması, ibadət yerlərinin təhqir edilməsi xalqımızın məruz qaldığı etnik nifrət və düşmənçilik aktlarının miqyasını göstərən çoxsaylı faktlardan yalnız bəziləridir. İşğaldan azad edilmiş ərazidə Ermənistanın mina terroru hələ də davam edir. 2020-ci ilin noyabrında hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə 260 nəfərdən çox azərbaycanlı minaların partlaması nəticəsində həlak olmuş və ya yaralanmışlar.
Lakin düşmənin vəhşiliyi və qəddarlığı xalqımızın mübarizə əzmini qıra bilməzdi və qıra da bilmədi. Azərbaycan şəhid və qazilərinin canı və qanı bahasına BMT Təhlükəsizlik Şurasının, Qoşulmama Hərəkatının, ATƏT-in, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, İslam Əməkdaşlığı Təşkilatının və digər beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edərək, tarixi ədaləti və beynəlxalq hüquq normalarının və prinsiplərinin qüvvəsini bərpa etdi.
Xalqımızı məğlubiyyət sindromundan qurtararaq qalib xalqa çevirmiş bu şanlı qələbənin təməlində dayanan başlıca amil son 29 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlik fenomenidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin həyata keçirməyə başladığı quruculuq və inkişaf strategiyasını zamanın çağırışlarına uyğun şəkildə davam etdirərək Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirmişdir.
Azərbaycan hərtərəfli inkişaf etmiş, onun böyük siyasi, iqtisadi və hərbi potensialı yaradılmış, doğma torpaqlarını işğaldan azad etməyə hazır olan gənc nəsil yetişdirilmişdir. Düşünülmüş hərbi konsepsiyanın həyata keçirilməsi müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələrin formalaşdırılmasına imkan vermişdir. Yenilməz döyüş əzmi, misilsiz rəşadəti və yüksək peşəkarlığı sayəsində Şuşanı, digər şəhər və kəndlərimizi düşməndən təmizləyən əsgər və zabitlərimizin qəhrəmanlığı xalqımızın qürur mənbəyidir. Silahlı Qüvvələrimiz bu gün də Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanmışlar.
Xalqın maraqları və tələbatı üzərində qurulan daxili və xarici siyasət digər məsələlərlə yanaşı, cəmiyyətin və dövlətin bütün qüvvələrinin ümumi məqsəd naminə birləşməsinə gətirib çıxarmışdır. Azərbaycançılıq ideallarından güc alan xalqımızın milli birliyi döyüş meydanında düşmənə endirilən “dəmir yumruğa” çevrilərək qələbənin mühüm amillərindən biri olmuşdur.
Beləliklə, Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti yeridən erməni şovinizmi və ekspansionizmi ağır məğlubiyyətə uğradılmışdır. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanan Üçtərəfli Bəyanat münaqişəyə son qoyulmasını təsbit edərək Ermənistanla Azərbaycan arasında sivil dövlətlərarası münasibətlər qurulmasının əsas parametrlərini müəyyənləşdirmişdir.
Bu gün qalib Azərbaycan xalqı Vətən müharibəsində göstərdiyi hünərləri Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işlərində də göstərir. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir. Şəhər və kəndlərin təməli qoyulur, yeni yaşayış məntəqələri ilk sakinlərini qəbul edir. İnfrastruktur yaradılır, sənaye müəssisələri, digər obyektlər istifadəyə verilir, kənd təsərrüfatı dirçəldilir. Yollar, körpülər, tunellər çəkilir. Artıq həmin bölgədə iki beynəlxalq hava limanı istifadəyə verilmişdir, Zəngəzur dəhlizinin açılmasına hazırlıq görülür. Bütün bunlar Şərqlə Qərb arasında əlaqələndirici rol oynayan Azərbaycanın tranzit ölkə kimi potensialının daha da güclənməsini təmin edəcəkdir. Şübhə yoxdur ki, regionda yerləşən ölkələr arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, yeni nəqliyyat kommunikasiyalarının inşası, bölgənin logistika mərkəzinə çevrilməsi Azərbaycanla bərabər, qonşu dövlətlərin də iqtisadi inkişafına kömək göstərəcəkdir.
Şərh edilənlərlə əlaqədar Milli Məclisi Ermənistan tərəfini yaranmış tarixi imkanı və şəraiti düzgün dəyərləndirməyə və sülh prosesini təhlükəyə məruz qoyan aktlardan çəkinməyə çağırır. Milli Məclisi hesab edir ki, Azərbaycanın təklif etdiyi 5 təməl prinsip əsasında aparılan sülh danışıqları prosesində əldə edilən razılaşmaların və götürülən öhdəliklərin yerinə yetirilməsi tərəflər arasında etimadın güclənməsinə və qısa müddət ərzində sülh sazişinin imzalanmasına kömək göstərərdi. Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlər yalnız bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və bunlara hörmət edilməsi əsasında qurula bilər.
Azərbaycan Respublikası Vətən müharibəsində qazanılmış tarixi Zəfərin nailiyyətlərini qorumaq, xalqımıza və dövlətimizə qarşı yeni düşmənçilik hərəkətlərinə yol verməmək üçün bundan sonra da bütün tədbirləri görəcək”.
Qeyd edək ki, deputatlar səs çoxğulu ilə sənədi təsdiqləyiblər.
www.yenicag.az