Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 2-də Andorra Knyazlığının paytaxtı Andorra la Vella şəhərinə səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə millət vəkilləri Azay Quliyev, Kamran Nəbizadə, Elşad Həsənov, Ülviyyə Ağayeva, Tahir Mirkişili daxildirlər.
Tədbirdə “ATƏT regionunda təhlükəsizlik: yeni çağırışlar, yeni hədəflər” mövzusunda müzakirələr aparılacaq. Toplantı iştirakçıları kibertəhlükəsizlik, iqlim dəyişikliyinin yaratdığı problemlər, habelə sabitliyin və inkişafın təminatı baxımından təhsilin təşviqi barədə fikirlərini bölüşəcəklər.
Parlament nümayəndə heyətinin üzvləri sessiya çərçivəsində keçiriləcək Aralıq Dənizi Forumuna da qatılacaqlar. Yığıncaqda Aralıq dənizi hövzəsində təhlükəsizlik və əməkdaşlığa dəstəklə bağlı məsələyə baxılacaq.
Səfər oktyabrın 7-də başa çatacaq.
www.yenicag.az