Milyonluq tenderlərdən qara siyahıya: Zakir Fərəcovla Vidadi İsayevin “favorit”i saxta sənədlə ifşa olundu
Son illər dövlət satınalmalarında tez-tez adı hallanan “Dream Construction Company” MMC ilə bağlı ortaya çıxan faktlar ciddi suallar doğurur. Müxtəlif rayon icra hakimiyyətlərinin keçirdiyi tenderlərin ardıcıl qalibi olan şirkət saxta sənəd təqdim etdiyi üçün etibarsız təchizatçılar siyahısına salınıb.
Bu qərarla MMC 24 fevral 2027-ci ilədək dövlət satınalmalarında iştirak hüququndan məhrum edilib.
Hüquqi təmsilçisi dörd dəfə dəyişən şirkət
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, şirkət 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı cəmi 5 515 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152 olaraq göstərilir. Hazırda qanuni təmsilçi Cavadov Cavid Elman oğludur. MMC daha əvvəl “Otaxlı” MMC adı ilə fəaliyyət göstərib və təsis olunduğu gündən bu günədək hüquqi təmsilçisi dörd dəfə dəyişib.
13 tender, 7 rayon, təxminən 3 milyon manat
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma göstərir ki, “Dream Construction Company” MMC təkcə ötən il ərzində 13 tenderin qalibi olub. Tenderlərin böyük əksəriyyəti məhz yerli icra hakimiyyətləri tərəfindən keçirilib.
Rayonlar üzrə bölgü belədir:
Sumqayıt şəhəri:
Sumqayıt Şəhər İcra Hakimiyyəti: 3 tender
Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi: 2 tender
Cəmi: 5 tender
Ağdam rayonu:
Ağdam Rayon İcra Hakimiyyəti: 3 tender
Ağdam Rayon İHB-nin Quzanlı ərazi nümayəndəliyi: 1 tender
Cəmi: 4 tender
Bərdə rayonu:
Bərdə Rayon İHB-nin şəhər nümayəndəliyi: 2 tender
Bərdə Rayon İcra Hakimiyyəti: 1 tender
Cəmi: 3 tender
Qubadlı rayonu:
Qubadlı Rayon İcra Hakimiyyəti: 1 tender
Bağlanmış satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 2 milyon 961 min 891 manat 7 qəpik təşkil edir. Maraqlıdır ki, şirkət daha çox Zakir Fərəcovun rəhbərlik etdiyi Sumqayıtda tender udub. Bir də yenə Fərəcova yaxınlığı ilə seçilən rayonlarda. Məsələn, Z. Fərəcovun yaxın dostu olan Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev də bu şirkətə Sumqayıtdan sonra ən çox tender qazandıran şəxsdir.
Media nə yazır?
Mətbuatda dərc olunan araşdırma materiallarında “Dream Construction Company” MMC-nin müxtəlif rayonlarda ardıcıl şəkildə tender qazanması diqqətə çatdırılır. Xüsusilə az nizamnamə kapitalına malik bir şirkətin milyonlarla manatlıq layihələrin icrasını üzərinə götürməsi, bəzi hallarda isə eyni dövrdə bir neçə tenderin qalibi olması suallar doğurur.
Bir sıra yazılarda şirkət “icra strukturlarının sevimli podratçısı” kimi təqdim olunur. Media araşdırmaları tenderlərin şəffaflığı, rəqabət mühiti və seçim meyarları ilə bağlı açıq suallar qoyur.
Saxta sənəd iddiası və dönüş nöqtəsi
Bu müzakirələrin fonunda şirkətin saxta sənəd təqdim etməsi faktı üzə çıxıb və nəticədə “Dream Construction Company” MMC etibarsız təchizatçılar siyahısına salınıb. Bu qərar təkcə şirkətin gələcək fəaliyyətinə deyil, həm də indiyədək icra etdiyi layihələrin keyfiyyəti və seçim proseslərinə dair yeni suallar yaradıb.
Araşdırma göstərir ki, “Dream Construction Company” MMC qısa müddətdə müxtəlif rayonlarda dövlət sifarişlərinin əsas icraçılarından birinə çevrilib. Lakin saxta sənəd faktı ilə qara siyahıya düşməsi dövlət satınalmalarında nəzarət mexanizmlərinin yetərli olub-olmaması məsələsini yenidən gündəmə gətirir. İndi əsas sual budur: bu tenderlər necə və hansı meyarlarla udulub?
Camal Cavanşir













