“Saatda 200-lə də radara düşə bilər”
Mingəçevir şəhər icra hakimiyyətinin başçısının birinci müavini İlham İsmayılov şəhərin icra başçısı Niyazi Bayramovla bağlı sosial şəbəkələrdə və mətbuatda yayılmış videodan danışıb.
Yenicag.az xəbər verir ki, birinci müavin Ölkə.Az-a açıqlamasında bildirib ki, icra başçısının 001 seriyalı xidməti avtomobilini həmin vaxt sürücüsü idarə edib:
“Ola bilər sürətlə gedibsə, radara düşüb. Amma mən bilirəm ki, bizim icra başçısının sürücüsü maşını elə də çox sürətlə sürən deyil. İndi aydınlaşdırarıq. Sürücüdən savayı həmin avtomobili heç kim idarə etmir. Şəhər daxilində icra başçısının maşında olmamağı mümkündür. Ancaq şəhərdən kənardırsa, icra başçısı maşında olmaya bilməz. Dəqiq bilmərəm ki, olub, ya yox. Aydınlaşdırmaq lazımdır”.
İlham İsmayılov əməkdaşımızla söhbətində qeyd edib ki, bu kimi məsələlərin ictimailəşdirilməsi doğru deyil:
“İcra başçısının xidməti maşınıdırsa, bunun araşdırılmasına nə ehtiyac var? Xidməti maşın saatda 200-lə də radara düşə bilər. Bunu ictimailəşdirməyə nə ehtiyac var? Cəriməsi gələcək də. Burada qeyri-adi nə var ki? Vallah, mənə elə gəlir ki, elə şeylərə reaksiya vermək, sayta yerləşdirmək qətiyyən düzgün deyil. Sürüb sürüb də. Radara düşübsə, cəriməsi gələcək”.
Xatırladaq ki, Reportyor.tv saytına Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovın xidməti avtomobilinin yüksək sürətlə hərəkət etdiyini göstərən video göndərilib.
Avtosfer.az-ın xəbərinə görə isə hadisə yanvarın 22-də baş verib və icra başçısının 001 seriyalı xidməti avtomobili Bakıya doğru şütüyərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Qeyd olunur ki, həmin ərazidə maksimal sürrət həddi saatda 90 km olsa da, başçının xidməti maşını sürəti ikiqat aşaraq 180-lə gedib.
Görünür, qanuna birinci riayət etməli şəxs özü qaydaları kobud şəkildə pozur…
https://www.youtube.com/watch?v=XSKlRVx3NPE
www.yenicag.az